Eksperet: Belə olan halda ictimai nəqliyyata maraq daha da artacaq

Bu ilin yanvar-iyul aylarında Bakı şəhəri və Abşeron rayonunun müntəzəm marşrut xətləri üzrə avtobusla 235,058 milyon sərnişin daşınıb.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 % çoxdur.


Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, son dövrlər ictimai nəqliyyatın inkişafı prioritet kimi götürülüb:

“Xəttdə avtobusların sayı artırılıb. İndiyə kimi daşıyıcı şirkətlərin qarajlarında olan avtobuslar təmir edilərək xəttə buraxılıb. Yəni əvvəlki illərə baxan zaman avtobusların sayında artımlar var. Avtobuslar artıqca isə intervallar yaxşılaşır və insanlar artıq ictimai nəqliyyatın müəyyən ərazilərdə əlçatan olduğunu görürlər. Digər tərəfdən avtobus zolaqlarının çəkilməsi də bu işlərə böyük təsir göstərdi. Çünki indiyə kimi zolağın olmaması avtobusların hərəkətini çətinləşdirirdi və insanlar əziyyət çəkirdi. Avtobusların tıxacda qalması yaxşı hal deyildi. Bu gün artıq belə problemlər öz həllini tapıb. Vaxtla bağlı elədə ciddi problem yoxdur. Getdikcə zolaqlar üzrə şəbəkənin genişlənməsi tez bir zamanda müsbət təsirini göstərəcək. Hesab edirəm ki, bu istiqamətdə daha səmərəli işlər görməyə ehtiyyac var. Zolaqlar genişlənməli və yeni avtobuslar gətirilməlidir.  Belə olan halda ictimai nəqliyyata diqqqət və maraq daha da artacaq. Sözsüz ki, burada taksilərin də öz payı var. Yəni taksilərin sayının azalması və gec gəlməsi insanları ictimai nəqliyyata qayıtmağa sövq edir. Ancaq bu məcburiyyətdən olmamalıdır. İctimai nəqliyyatın vəziyyəti elə olmalıdır ki, insanlar sevə-sevə istifadə etsinlər. Onlar müqayisə edərək bilməlidir ki, taksidə pulum daha çox, avtobusda isə daha az gedir. Həmçinin şəxsi avtomil və ya taksidə tıxacda qalıram, ancaq avtobusla rahat gedib çatıram. Bu məsələləri müqayisə edəndə insanlar başa düşməlidir ki, ictimai nəqliyyat onlar üçün daha rahat və əlçatandır”.