Elektrobuslar çox baha başa gəlir -RƏY

Həm də bununla şəhər  nəqliyyatının yükünü götürmək mümkün olmayacaq

“Elektrobuslara bu qədər vəsait qoymaqdansa daha çox sərnişin daşıya bilən, tutumu daha  geniş, sərfəli nəqliyyat vasitələri -  tramvay, trolleybus, elektrik qatarlarına üstünlük verilməlidir”


Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır. Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Bununla yanaşı Çindən elektrik mühərrikli 160 avtobus alınıb və onların bu il ərzində xəttə buraxılması nəzərdə tutulur. Əsas hədəf nəqliyyat sisteminin daha təhlükəsiz, ekoloji cəhətdən təmiz olması və atmosferə atılan tullantıların azaldılmasıdır.  
Lakin elekto-buslara münasibət heç də birmənalı deyil. Onların faydası ilə yanaşı zərərləri də açıqlanır. Hərra zərərin faydadan çox olduğunu iddia edənlər də var. 
Trend-in məlumatına görə, “benzin və dizellə işləyən şəhər nəqliyyatını ictimai elektrik nəqliyyatı ilə müqayisə etsək, üstünlük göz qabağındadır, çünki elektrik nəqliyyatında emissiya yoxdur. Bu yolla biz şəhəri dumandan azad edirik. Biz şəhəri tullantıların tərkibində olan asılı hissəciklərdən azad edirik. Bu, xüsusilə uşaqlar üçün təhlükəlidir, çünki emissiyaların tərkibində olan bəzi metalların incə tozları ağciyərlərdə çökür. Elektrik mühərrikli avtobusları, hər hansı bir elektrik nəqliyyatı kimi, səs-küy yaratmır. Asfaltda sürərkən səs-küy yaradan təkərlərdən başqa səs-küy yaradan hissələr yoxdur, lakin bu, dizel və benzinlə işləyən avtomobillərin küçədə istifadə edərkən yaratdığı səs-küy təsiri ilə müqayisədə kifayət qədər əhəmiyyətsizdir. Əhəmiyyətli üstünlüklərdən biri də qənaətcillikdir. Yəni benzinlə 1 km, elektrik enerjisi ilə 1 km məsafəni müqayisə etsək, yanacağın dəyəri baxımından burada mütləq elektrik nəqliyyatı qalib gəlir. Elektrikli avtobuslar benzin və ya dizellə işləyən avtobuslardan qat-qat az hissələrə malikdir. Sürücülər üçün rahatlıq, çünki bu avtomobillər kifayət qədər sürətli sürətlənməyə malikdir, bu da onlara kəsişmələri daha çox rahatlıqla qət etməyə imkan verir”.

Sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında qeyd edib ki, elektrik avtobuslarının istehsalı çox baha başa gəlir, üstəlik ətraf mühitə və insanlara zərərləri çoxdur: 

- Birincisi, elektrikli avtobuslar ölkəmizdə istehsal olunmayacaq, yalnız yığılacaq. Bu da çox baha başa gəlir. Onlara xidmət, servis xərcləri də çox bahadır. Elektrik mühərriklərini çalışdıran batareyalar da çox bahadır. Üstəlik bu batareyaların istifadə müddəti bitdikdə, xarab olub tullandıqda ətraf mühitdə güclü maqnit sahəsi yaratdığından ekologiyaya da, insan sağlamlığına böyük ziyan vurur.  Bir neçə ölkədə vətəndaşlar dəymiş zərərin qarşılanması - kompensasiya tələbi ilə məhkəməyə müraciət ediblər. Ümumiyyətlə,  dünyada elektromobil erası başlamamış bitib. Məlum olub ki, elektromobillər ekologiyaya daha çox zərər vurur, nəinki təbii yanacaqla işləyən avtobuslar. Elektrik avtobusların ictimai nəqliyyatda tələbatı ödəmək imkanı olmayacaq, həm çox baha başa gəlir. Elektromobillərə bu qədər vəsait qoymaqdansa daha çox sərnişin daşıya bilən, tutumu daha  geniş, sərfəli nəqliyyat vasitələri -  tramvay, trolleybus, elektrik qatarlarına üstünlük verilməlidir. Hesab edirəm ki, ictimai nəqliyyat problemini elektrik avtobusları olmadan da həll edə bilərik. Bakəətrafı qəsəbələrə elektrik qatarlarının  sayını artırmaq lazımdır. Əgər istəyiriksə ekologiyaya faydası olsun, elektrik qatarlarına üstünlük verilməlidir. 

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev isə “Sherg.az”a açıqlamasında qeyd etdi ki, elektrobuslarla bağlı səslənən rəylərdə doğrularla yanaşı yanlışlar da var: 

- İctimai nəqliyyatın çeşidli növləri olmalıdır. Yəni, bir növ yox, təkcə təbii yanacaqla yanacaqla işləyən növ yox, fərqli növlər olmalıdır. Elektrobusların ekologiyaya faydası, atmosferə daha az zərərli qaz emissiyaları ötürdüyü mıəlumdur. Elektrobusların ictimai nəqliyyatda istifadəsinin artırılması da, başlıca olaraq bu məqsəd daşıyır. Xatırladım ki, 2015-ci ildən etibarən təbii sıxılmış qazla işləyən avtobusların xətlərdən yığışdırılmasına qərar verilib. 2022-ci ildən isə ictimai nəqliyyat şəbəkəsinə yeni dizel avtobuslarının  daxil olması ümumiyyətlə qadağan edildi. Və ictimai nəqliyyatda elektorobuslardan istifadə ilə bağlı qərar verildi.  İndi isə yerli istehsala qərar verilib və 2025-ci ildə yeni zavod tikiləcək. İlkin mərhələdə əlbəttə, yığma olacaq. Amma sonra lokallaşma yönündə qərar verilə bilər. Siz istənilən ölkəyə baxsanız, lokallaşdırma faizi müxtəlifdir. Elə ölkələr var, avtomobil hissələri istehsal edirlər, elələləri var, ehtiyat hissələri idxal edirlər. Çalışmaq lazımdır ki, idxaldan asılılıq azalsın. İstənilən halda ictimai nəqliyyatda çoxnövlülük olmalıdır, şaxələndirmə mütləqdir. 

Batareyanın zərəri məsələsinə gəlincə, R.Ağamirzəyev qeyd etdi ki, batareyaların utilizasiyasını istehsalçı üzərinə götürür: 
- Elektrobus günün reallığıdır. Burada müəyyən risqləri önləmək olar. Hesab edirəm ki, elektrobuslar şəhər  nəqliyyatının yükünü götürə bilər. Ona alternativ növ trolleybus ola bilər.  Trolleybuslar da elektriklə işləyir. Nəqliyyat vasitəsinin uzun ömürlü olması isə necə istafədə edilməsindən asılıdır. Əgər həddindən artıq yüklənəcəksə tez sıradan çıxacaq. Əlbəttə, relsli nəqliyyatın önəmi daha yüksəkdir. Çünki daha çox sərnişin daşınmasına imkan verir və daha uzun müddət istifadə etmək olur.