Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq

Xəzər regionunun birləşdirici rolu onun iqtisadi, nəqliyyat və geostrateji potensialı nəzərə alınmaqla artacaq.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın Türkmənistandakı müvəqqəti işlər vəkili Pyotr Şukin “Xəzər dənizi - sülh və dostluq dənizi” adlı elmi-praktik konfransda çıxışı zamanı bildirib.
“Xəzər regionunun geostrateji, siyasi, resurs, nəqliyyat və iqtisadi potensialını nəzərə alsaq, onun Avrasiyanın mərkəzində yerləşən birləşdirici həlqə kimi rolu daha da artacaq”, - o deyib.
Şukin əlavə edib ki, hazırda Xəzər regionunun bütün ölkələrindən keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti artır.
Diplomat həmçinin bütün Xəzəryanı dövlətləri, o cümlədən Rusiyanın Xəzər Şurasının yaradılması ideyasının həyata keçirilməsində fəal əməkdaşlığa çağırıb.
Qeyd edək ki, Beynəlxalq Xəzər dənizi gününə həsr olunmuş “Xəzər dənizi – sülh və dostluq dənizi” elmi-praktik konfransı Türkmənbaşı şəhərində (Türkmənistan) keçirilib.