Erməni polis qüvvələri Azərbaycanla sərhəddəki postlarda xidmət etməkdən imtina ediblər.
Bu barədə erməni jurnalist Oskan Sərkisyan məlumat yayıb.
O bildirib ki, polislərə sərhəddə xidməti üçün aylıq 180 min dram (təxminən 800 manat) ödənilirmiş, bir müddət öncə isə bu məbləğ 120 min drama qədər azaldılıb.
O qeyd edib ki, məbləğ azaldılandan sonra polislər sərhəddə xidmətdən imtina ediblər.
Xatırladaq ki, əsgər çatışmazlığı səbəbindən Ermənistan sərhəddə polislərin günəmuzd xidmətini təşkil edir.
Mövcud vəziyyəti “Sherg.az”a dəyərləndirən hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ermənistan Silahlı Qüvvələrinin və Sərhəd Qoşunlarının yenidən komplektləşdirilməsi üzərinə sərhəd infrastrukturunun qorunmasında ciddi problemləri var:
“Ermənistanda Sərhəd Xidməti də yeni yaradılıb. Eyni zamanda sərhəd strukturunda xidmət edəcək şəxsləri tam komplektləşdirmək üçün Ermənistana bir neçə il vaxt lazımdır. Ermənistanın Rusiya Federal Təhlükəsizlik Xidmətinin bölgədən çıxarılması üzərinə sərhəd infrastrukturunda xidmət edəcək şəxsi heyətə də ehtiyacı yaranacaq. Bütün zamanlarda sözügedən problemlər Ermənistan üçün real qalacaq. Mümkün olacaq sülh sazişindən sonra xidmətin təşkili üçün Sərhəd Qoşunlarının hərbiçilərinin mövcudiyyəti lazım olacaq. Bu isə Ermənistanda yoxdur. Ona görə də keçid məntəqəsində işə polisləri cəlb etməyə çalışacaqlar. Polislər isə buna görə həvəsli deyil. Belə olan halda maaşlarının az olması və atəşkəsin pozulmamasına görə təhlükəli vəziyyətdə xidmət etməmək üçün sərhəddə cəlb olunmaqdan imtina etməyə səy göstərəcəklər”.