Azərbaycanda avtomobillərə qaz avadanlığının quraşdırılmasına və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş maşınlara maraq kəskin azalıb. Xezerxeber.az-ın məlumatına görə, qiyməti ucuz, sərfiyyatı qənaətcil olsa da, tələbat yoxdur. Bir neçə il əvvəl irihəcmli mühərrikli avtomobillərin sürücüləri arasında qənaət etmək üçün maşınlarına qaz avadanlığı quraşdıranlar az deyildi. İndi isə bu avtomobillərə maraq kəskin azalıb. Ölkəmizdə yanacağın qiyməti dəyişəndən sonra isə bu məsələ yenidən aktuallaşıb. Ustalar deyirlər ki, xüsusilə benzin sərfiyyatı çox olan avtomobillər üçün bir vaxtlar bu yaxşı seçim idi. Avtomobil ustası Dəniz Ağabəyli bildirib ki, ölkəmizdə avtomobillərə qaz quraşdırılması və ya zavod istehsalı qaz mühərriki ilə təchiz olunmuş avtomobillərə maraq kəskin azalıb. Onun sözlərinə görə, buna əsas səbəb sonradan avtomobildə nasazlıqların və əlavə xərclərin yaranmasıdır.Qeyd edək ki, hazırda Azərbaycanda Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 manat 60 qəpik, Aİ-92 markalı benzinin qiyməti 1 manat 10 qəpik, dizelin qiyməti 1 manat, maye qazın satış qiyməti isə 65 qəpikdir.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı qeyd edib ki, Azərbaycanda müəyyən dövrdə qaz avadanlıqlarına maraq yüksək olub:
''Bu isə adətən yanacağın qiymətinin bahalaşması zamanı özünü göstərir. Sonra isə maraq azalır. Buna səbəb isə ölkə bazarına daha çox Çin istehsalı olan qaz avadanlıqlarının gətirilməsidir. Eyni zamanda sistem keyfiyyətsiz quraşdırılır. Ona görə də insanlar bir müddətdən sonra bunun fəsadları ilə üz-üzə gəlirlər. Çünki qaz quraşdırılması nəzərdə tutulmayan avtomobillərə həmin sistem quraşdırılır. Lakin nəticə heç də ürəkaçan olmur. Əslində bir çox ölkələrin təcrübələrinə baxaraq sistemi təkminləşdirmək olar. Ancaq bizdə çox vaxt başdansovdu iş görərək daha çox pul qazanmağa çalışırlar. Qaz avadanlığına marağın artdığı dövrdə bazara kimlərsə zay məhsul çıxarır. Sonra isə insanlar bundan imtina edirlər. Təbii ki, Azərbaycanda təkminləşdirilmiş qaz avadanlığı istehsal edən sistem var. Lakin bunun da qiyməti çox olduğu üçün insanlar istifadə etmirlər. Qeyd edim ki, həmin sistem dünyada çox geniş yayılıb''.
Ekspert diqqətə çatdırıb ki, bir çox ölkələrdə xüsusi ilə Türkiyədə yanacaq baha olduğu üçün qazdan istifadə edilir:
''Hətta, İtaliya və Türkiyədə bu işi daha peşəkar yerinə yetirən şirkətlər var. Onların qiyməti təqribən 2000 manatdan yüksəkdir. Çin istehsalı olanların isə qiyməti 600-1000 manatadəkdir. Fikrimcə, gələcəkdə sıxılmış qazla işləyən nəqliyyat vasitələrinin sayını artırmaq üçün sistemi təkminləşdirmək mümkündür".