İranın keçmiş xarici işlər naziri və İran İslam Respublikasının strateji məsələlər üzrə vitse-prezidenti təyin edilmiş Məhəmməd Cavad Zərif istefa verib.
O, bu barədə X hesabında paylaşım edib.
Xatırladaq ki, avqustun 1-də İran Prezidenti Məsud Pezeşkian Cavad Zərifi strateji məsələlər üzrə vitse-prezident təyin edib.
Cavad Zərif Məsud Pezeşkianın nazirlər seçimindən narazılığına görə istefa verdiyini bildirib.
Qeyd edək ki, Pezeşkian ötən gün Nazirlər Kabinetinin yeni tərkibini parlamentə təqdim edib.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, Məhəmməd Cavad Zərifin istefasına əsas səbəb hakimiyyət daxili ziddiyyətlərdir:
"Eyni zamanda özünün istefa ərizəsində yazdığı kimi onun istəklərinin kabinetin təşkilində təmin olunmamasıdır. Parlamentin sədri Məhəmməd Baqir Qalibafa təqdim olunan 19 nəfər hakimiyyətin tərkibi islahçılar və mühafizəkarlardan ibarətdir. Yəni bir növ koalisyon hökümətdir. Pezeşkian isə buna milli birlik höküməti adını verir. Amma islahatçılar və mühafizəkarlar arasında ziddiyyət mövcuddur. Həmin ziddiyyətin nəticəsində isə Məhəmməd Cavad Zərif oyundan kənarlaşdırıldı. Cavad Zərif Qərbyönümlü liberal siyasətçi sayılır. Həmçinin Məhəmməd Cavad Zərif Məsud Pezeşkianın seçkiqabağı kampaniyasında əsas müşavirlərdən olub. Digər tərəfdən Cavad Zərif Həsən Ruhaninin prezidentliyi dövründə altılıq ölkələriylə danışıqlar aparan nümayəndə heyətinin başçısı kimi çıxış edib və həmin heyət Qərblə Əhatəli Razılaşma Planı Müqaviləsi imzalayıb. Daha sonra Donald Tramp Amerika Birləşmiş Ştatlarını sözügedən müqavilədən geri çəkdi və icrası dayandı. İndi isə həmin istiqamətdə danışıqlar aparılır. Məsud Pezeşkian da həmin danışıqları bərpa edəcəyini bildirib. Hakimiyyətdə isə Qərblə danışıqlara birmənalı baxılmır. Cavad Zərif və Həsən Ruhani Qərblə danışıqları aparıb və müəyyən uğurlar qazanılıb. Amma hakimiyyət, daxili qüvvələr Həsən Ruhani və Cavad Zərifi dövlət xəyanətində ittiham etdilər. Hesab edirəm ki, Cavad Zərifə edilən təzyiqlərin bir səbəbi də Qərbyönümlü olmasıdır".