Sosial şəbəkələrdə paytaxtın Suraxanı rayonu ərazisində bostan məhsullarının (qarpız-yemiş) satışı ilə məşğul olan məntəqənin yolun hərəkət hissəsini kəsdiyini əks etdirən görüntü yayılıb.
“Sherg.az” xəbər verir ki, Babək prospektinin Yeni Günəşli qəsəbəsi istiqamətindəki hissəsində yerləşən satış nöqtəsinin avtomobillərin və piyadaların hərəkətinə mane olması narazılıqla qarşılanıb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, avqustun 11-də polis əməkdaşları əraziyə gedərək neqativ halı aradan qaldırblar: “Həmin şəxs barəsində isə qanunvericilyə uyğun tədbir görülüb”.
Məsələni dəyərləndirən Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, burada əsas məqsəd vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır:
''Əsasən yay mövsümündə yol kənarlarında bu kimi obyektlərin fəaliyyətini tez-tez görürük. Məhsula ehtiyacı olanlar da nəqliyyat vasitələrini saxlayaraq alış-veriş edirlər. Bu isə standartlara uyğun deyil. Yəni, bunun üçün ayrıca bir zolaq təşkil olunmalıdır ki, digər avtomobillər sürətli zolağa keçə bilsinlər. Burada isə sadaladığım şərait mövcud deyil. Ona görə də ciddi şəkildə təhlükə yaranır. Hətta belə olduğu halda yol-nəqliyyat hadisələrinin sayı artır. Bu səbəbdən Post Patrul Xidmətinin həmin ərazidə apardığı reydlər qanunauyğundur. Burada kiminsə çörəyi deyil, həyatı daha önəmlidir. Öz məhsullarını satmaq üçün həmin şəxslər təyin olunan yarmarkalara üz tuta bilərlər. Əks halda, yol kənarında satış etmək məqsədəuyğun deyil. Bunu heç kəsə maneə yaratmacaq yerlərdə, məhəllələrdə icra etmək daha doğrudur".