Rusiya səfirliyi: Xəzər regionunun strateji rolu artmaqda davam edəcək

Xəzər regionunun geostrateji, siyasi, nəqliyyat və iqtisadi potensialı nəzərə alınmaqla, onun Avrasiyanın mərkəzində ən vacib əlaqələndirici həlqə kimi rolu bundan sonra da artacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin avqustun 12-də qeyd olunan Beynəlxalq Xəzər Gününə həsr edilmiş paylaşımında deyilib.

“Xəzər regionunun bütün ölkələrindən keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyəti də artmaqdadır. Regionda ticari-iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə beştərəfli əməkdaşlıq yüksələn xətlə inkişaf edir”, - paylaşımda bildirilib.

Rusiya səfirliyi Xəzər dənizinin ekologiyası ilə bağlı məsələlərin həllinin vacibliyini də vurğulayıb:

“Bu iş bioloji müxtəlifliyin qorunması, mövcud resurslardan səmərəli istifadə edilməsi, su hövzəsinin çirklənməsi və dayazlaşmasına qarşı mübarizədə bütün sahilyanı ölkələrin birgə səylərinin artırılması, lazımi araşdırmaların aparılması və qabaqlayıcı tədbirlərin görülməsini tələb edir”.

“Sahilyanı dövlətlər arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qorunub saxlanılması və dərinləşdirilməsi, müxtəlif çağırışlara və problemlərə ümumi yanaşma əsasında “beşlik” ölkələrinin birliyinin möhkəmləndirilməsi, Xəzərin sülh, mehriban qonşuluq, dostluq və əməkdaşlıq zonasına çevrilməsinə töhfə vermək vacibdir”, - qeyd olunub.