Prezident İlham Əliyev: “Bu vəziyyət ölkələr arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir”
Avqustun 9-da Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib. Dövlət başçısı fəxri qonaq kimi görüşə dəvət alıb. Ölkə rəhbəri tədbirdə çıxış edib və bildirib ki, Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir. Prezident son iki ildə Mərkəzi Asiya ölkələrinə 16 dəfə səfər etdiyini söyləyib: "Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm".
Dövlət başçısı bildirib ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir: "Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir".
Prezident qeyd edib ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır: "Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır. Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır. Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcək. Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm".
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində, heç şübhəsiz, nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiyada yerləşən ölkələrə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. 2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək. Prezidentin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. Əminliklə söyləmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcəkdir.
Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev "Sherg.az"a deyib ki, bu gün dünya siyasi xəritəsinə daxil olmuş Mərkəzi Asiya dövlətlərinin 5-i keçmiş sovetlər birliyinin dağılmasından sonra regionda ciddi proseslərə imza atıblar. Ekspertin sözlərinə görə, Mərkəzi Asiya ölkələrinin ümumi ərazisi 4 milyon kv.km təşkil edir ki, bu da keçmiş sovetlər birliyinin ərazisinin 17 faizə qədərdir:
"Hazırda bölgəyə Rusiya, Çin, Hindistan, İran, ABŞ nüfuz etmək üçün rəqabət aparır. Bundan əlavə Birləşmiş Ərəb Əmirlikləri və Qatar da regionla əməkdaşlığa can atır. Pakistan da geoiqtisadi layihələrin tərkibi olmaq istəyir. Həmçinin geosiyasi və iqtisadi olaraq Çinin Uyğur bölgəsi və Əfqanıstanın şimal hissəsi Mərkəzi Asiyanın təsir dairəsinə düşür. Dünya əhalisinin yarısından çoxunu təşkil edən bu coğrafi məkan dominant ölkələr üçün ciddi siyasi və iqtisadi perspektiv vəd edir. Türkiyə və Azərbaycanın aktiv şəkildə bu təşkilatla əməkdaşlığı gələcəkdə mühüm regional layihələrdən pay almaq şansını artırır. Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələri ilə intensiv və davamlı görüşləri perspektivdə bütünlüklə Asiyanın dünyanın tranzit daşımalarına bağlanması deməkdir".