Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını 30-31-ci pillələrdə başa vurmaqla tarixinin ən yaxşı göstəricisinə imza atıb.
“Sherg.az”ın məlumatına görə, aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc mükafat olan komandamız yarış cədvəlində sözügedən mövqeləri Xorvatiya ilə bölüşüb.
Yığmamızın qərarlaşdığı 30-cu yer olimpiadalar tarixində ən yaxşı nəticəmiz olub. Bununla da ölkəmiz 32-ci yeri tutduğu London-2012 Yay Olimpiya Oyunlarındakı göstəricini üstələyib.
Qeyd edək ki, Azərbaycanın heyətində cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq), boksçu Alfonso Dominqes gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçilər Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc medala sahib çıxıblar.
Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarını dəyərləndirən İctimai Televiziyanın İdman departamentinin rəhbəri Kənan Hakimov “Sherg.az”a söyləyib ki, Olimpiadda 7 medal qazanmağımız kifayət qədər uğurlu nəticədir:
''Azərbaycanın medal sıralamasında isə 30-cu yerdə olması tarixi qələbədir. Xüsusi ilə cüdoçularımızın uğurlu çıxışı hər birimizi çox sevindirdi. Təbii ki, medalların sayı daha çox, əyarı isə yüksək ola bilərdi. Lakin bir sıra məqamlarda istədiyimiz göstəricilər qeydə alınmadı. Bəzi idman növlərində isə medal əldə olunmasa da, komandalarımızın performansı bizləri sevindirdi. Azərbaycan bədii gimnastika üzrə qrup hərəkətləri komandasının timsalında Fransa, Ukraynanı qabaqladı və "top5"- də yer alaraq final mərhələsinə yüksəldi. Qadın basketbolçularımızın debüt olimpiadları olmasına baxmayaraq, Amerikaya qalib gəldilər. Doğrudur, güləşdə bir qədər gözlədiyimiz nəticələri əldə edə bilmədik. Bu da normal haldır. Çünki güləş məclisində nəsil dəyişmə prossesi gedir. Artıq Hacı Əliyev kariyerasını başa vurdu. Çox ehtimal, növbəti olimpiadalarda Rafiq Hüseynovu, Mariya Stadniki də görməyəcəyik. Düzdür, onlar kariyelarını başa vurduqlarını rəsmi açıqlamayıblar. Qeyd edim ki, Həsrət Cəfərov kimi çox istedadlı güləşçimiz yetişir. Cəmi 21 yaşında olmasına baxmayaraq, bürünc medalı var. Avropa çempionu və dünya ikincisidir. Həsrət bura qızıl medal qazanmaq üçün gəlsə də yarım finalda Ukrayna təmsilçisi ilə görüşdə istədiyi dərəcədə güləşə bilmədi. Bir növ təcrübə ona maneə oldu. Ancaq Həsrət bu tempdə davam edərsə, əminəm ki, Los Angelesdə qızıl medal qazanacaq. Hidayət Heydərov isə cüdonun əfsanələrindən olacaq. Azərbaycan idman tarixində ilk ikiqat olimpia çempionuna böyük namizəddir. Zelim Kotsoyev də kifayyət qədər uğurlu çıxış edir. Bir sözlə, ümumilikdə Azərbaycan yığmasının performansını uğurlu adlandırmaq olar''.