“Megastore”də müştəriyə mal əti quzu əti adı ilə satılıb.
Bununla bağlı “baku.es” instagram səhifəsində paylaşım edilib.
Maraqlıdır bəs ət seçərkən nələrə diqqət etməliyik?
Qida texnoloqu Asim Vəliyev “Sherg.az”a bildirib ki, ət alarkən diqqət etməli olduğumuz bəzi məqamlar var:
“Yaxşı, təzə ət təmiz və özünəməxsus qoxuya malikdir. Kəskin, qeyri-adi və ya pis qoxu ətin köhnəlmiş olduğunun göstəricisidir. Quzu əti adətən açıq-qırmızı rəngdə olur. Ət tünd qırmızı və ya qəhvəyi rəngdədirsə, bu, onun köhnəlmiş və ya dondurulmuş olduğunu göstərir. Ət yumşaq və ya sərt olmamalıdır. Həmçinin ət parçası əllə sıxıldıqda, geri qayıtmalıdır. Əgər ət iz buraxırsa, bu, onun yaxşı keyfiyyətli olmadığını göstərir. Quzu əti, adətən, müəyyən dərəcədə yağlı olur. Əgər ət çox az yağlıdırsa, və ya yağlı təbəqələr dağılıbsa, bu, qeyri-standart ət olduğunu göstərir. Ət alarkən etiketə baxmalıyıq. Məhsulun adı, istehsal tarixi və digər mühüm məlumatlar düzgün olmalıdır. Satıcıdan ətin növü və mənşəyi barədə soruşa bilərik. Etibar etdiyiniz satıcıdan məhsulun keyfiyyəti və mənşəyi barədə düzgün məlumat ala bilərsiniz”.