Ukrayna ordusunun Kursk vilayətinə hücumu “Rusiya hərbçiləri və Kreml üçün şok oldu.
Bu barədə “Moskva Tayms” nəşri Kremldəki mənbələrə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Rusiya rəhbərliyi Ukrayna qoşunlarının 100 kvadrat kilometrdən çox ərazini ələ keçirməyə və bu qədər hərbçini əsir götürməyi bacara biləcəyini ağlasığmaz hesab edirdi.
“Bu, prezidentin üzünə vurulan sərt sillədir. Rusiyanın regionu və əhalisi üçün təhlükə var. Bu, qələbəsinə arxayın olan ölkənin davranışı deyil”, - mənbə bildirib.
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Kurskda baş verən hadisələrdən əvvəl də Ukrayna bir neçə dəfə belə addımlar atıb:
“Bundan öncə də Rusiyanın bəzi ərazilərinə hücumlar olunub. Eyni zamanda vaxtilə Rusiya daxilində quruplaşma yaradıblar. Ukrayna Rusiyanın zəif nöqtəsini axtarırdı. Görünən odur ki, həmin zəif nöqtəni tapıblar. Rusiya qoşunlarının böyük hissəsi Ukrayna ərazisində döyüşür. Bu Rusiya daxilində boşluqların olmasından xəbər verir. Ukrayna da həmin boşluqları doldurmaq üçün irəliləyir. Digər tərəfdən Ukraynanın hücumlar həyata keçirilməsinin səbəbi Rusiyanı danışıqlar masasına oturdaraq, bir çox ərazilərdən çəkilməsini təmin etməkdən ibarətdir. Bunu nə dərəcədə bacarıb-bacarmayacağını isə zaman göstərəcək. Çünki sözügedən istəyinə çatması üçün Ukraynanın müharibəyə davam gətirəcək insan kapitalına ehtiyacı var. Eyni zamanda ona hərbi potensial da lazımdır. Rusiyanın daxilində iqtisadi problemlər mövcuddur və beyin axını var. Belə davam edərsə, Rusiyada sosial partlayışın olma ehtimalı da böyükdür".