Bakıda 2 yaşlı uşaq eyvandan yıxılaraq ölüb.
Bakupost.az xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində baş verib.
2022-ci il təvəllüdlü Rövşən Həzi oğlu Süleymanov yaşadıqları mənzilin 3-cü mərtəbəsindən yıxılıb.
Onu Kliniki Tibbi Mərkəzə çatdırsalar da, xəstəxanada dünyasını dəyişib.
Gündəlik mətbuatda yayılan xəbərdə bu kimi informasiyaya adi hadisə kimi baxılsa da, nəticə acınacaqlıdır. Doğrudanmı azyaşlıların bu cür ölümü Azərbaycanda digər bədbəxt hadisələr kimi adiləşib? Bu kimi bədbəxt hadisələrin arxasında valideyn məsuliyyətsizliyimi dayanır?
Suallarımızı cavablayan psixoloq Gülnar Orucova “Sherg.az”a deyib ki, əvvəllər analar hətta, evdar xanımlar belə, uşaqlarını baxçaya qoyurdular
''Bununla uşaqlar zamanında danışır, sosiallaşa bilirdilər. Qeyd edim ki, indikindən fərqli olaraq əvvəllər loqopedə və psixoloqa bu qədər ehtiyac qalmırdı. Günümüzdə bəziləri həmin sahəyə təlabatı görüncə 2 aylıq kursdan keçməklə bu ixtisasdan biznes mənbəyi kimi istifadə edirlər. Tövsiyyə edərdim ki, valideynlər uşaqlarını 1 yaş 6 aylıqdan sonra baxçaya qoysunlar. Çünki azyaşlı həmin mərhələdə müəyyən şeyləri dərk edir. Övladı olan hər bir valideyn nəzarəti gücləndirməlidir. Təbii ki, baş verən bədbəxt hadisələrin tək səbəbkarı kimi valideynləri günahlandırmaq olmaz. Yəni, həmin valideynə övladın sənin məsuliyyətsizliyin ucbatında öldü deyə, bilmərik. Bununla həmin anaya ikinci zərbəni biz vurmuş olacağıq. Həmçinin, yeni tikilən evlərin çoxunda dəmir barmaqlıqların quraşdırılmasına icazə verilmir. Ona görə də bu kimi nüanslar diqqətdə saxlanılmalıdır. İndiki dövrdə valideynlər uşaqlarına nəzarət edə bilmirlər. Ona görə ki, indiki uşaqlar əvvəlkilərdə daha aktivdilər. Valideynlər də telefona çox bağlıdılar. Bir sözlə, bu kimi hadisələrin yaşanmasında müəyyən qədər valideyn məsuliyyətsizliyinin də rolu var".