Bakıda SOCAR-ın müəssisəsində yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinə imkan verilmədən məhdudlaşdırılıb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16.29

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində yerləşən SOCAR-ın Neftqazelmitədqiqatlayihə İnstitutunun Eksperimental Təcrübə-Sınaq İşləri Müəssisəsinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri hadisə yerinə cəlb olunub.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının ətraf ərazilərə, o cümlədən yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

16.04

Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermiş yanğın hadisəsi ilə bağlı əraziyə polis əməkdaşları cəlb olunub.

Bu barədə  DİN-in Mətbuat Xidmətindən bildirilib.

"Bütün zəruri tədbirlər görülür, ərazi mühafizəyə götürülüb", məlumatda deyilir.

***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu ərazisində obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Sherg.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

***
Suraxanı rayonunda baş verən yanğın səbəbindən yolda hərəkət məhdudlaşdırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
"Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib", - məlumatda qeyd olunub.


Telegram Widget Telegram Widget