Cəsarət Hüseynzadə: "Exit-poll" keçirmək kifayət qədər maliyyə və təcrübə tələb edən işdir

Parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün “exit-poll” və müşahidənin keçirilməsinin mühüm əhəmiyyəti var. “Exit-poll” və seçkilərin müşahidəsi seçkilər zamanı saxtakarlıq hallarının aradan qaldırılması və şəffaflığın təmin olunmasına mühüm rol oynayır. Seçkiləri müşahidə sahəsində ölkədə artıq kifayət qədər təcrübə olsa da, “exit poll” barədə seçicilər arasında məlumat nisbətən azdır. Bildiyimiz kimi Exit-poll” səslərin sayının yoxlanılmasının bir yoludur. Bu, əsasən seçki məntəqəsindən bir qədər aralıda qoyulan seçki qutularına təkrar səs verilməsi yolu ilə aparılır. Yəni seçki günü sorğu aparan əməkdaşlar təsadüfi üsulla seçdikləri seçicilərə məntəqələri tərk etdikləri zaman kimə səs verdikləri haqqında sual verməklə və seçicilərin qısa anketi cavablandırmaqla həyata keçirilir. “Exit poll”da iştirak könüllü və anonimdir. Sorğu anonim aparılır və sorğu aparanlar seçicinin cavablarını heç kimə göstərməməlidirlər. Sorğu edilən seçicilər “exit poll” sorğu vərəqini təklikdə doldurur, cavablarının gizli qalmasına əmin olmaq üçün doldurulmuş vərəqləri “exit poll” qutusuna atırlar. Səslərin hesablanmasının yekun nəticələri “exit poll”un gözlənilən xəta həddindən kənara çıxarsa, bu zaman səslərin rəsmi hesablanmasının saxta olması barədə şübhələr yaranır. Ölkədə ilk dəfə “exit-poll” tədqiqatının Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 2004-cü ilin dekabrında bələdiyyə seçkilərində həyata keçirib. Mərkəzi Seçki Kommisiyasının son məlumatına görə sentyabrın 1-də keçiriləcək parlament seçkilərində cəmi 3 təşkilat “exit poll” keçirmək üçün müraciət edib. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün iki təşkilatın - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciəti qəbul edilib. Eyni zamanda, seçkilərdə “exit-poll” keçirmək üçün Sosioloji Tədqiqatlar Mərkəzi müraciət edib.
Bəs “exit poll keçirmək istəyən təşkilatların sayı niyə bu qədər azdır?

Məsələ ilə bağlı “Sherg.az”a danışan “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib ki, tarixə nəzər yetirdikdə 2018-ci il aprelin 11-ə təyin olunan prezident seçkiləri ilə bağlı 4 "exit-poll" keçirilib:

"Digər tərəfdən 2020-ci il parlament seçkilərində də 3 təşkilat "exit-poll" keçirtmək üçün müraciət edib. Burada bir neçə təşkilat birləşib, birlikdə "exit-poll" həyata keçirir. Bildiyimiz kimi hazırkı parlament seçkilərində isə yenə 3 təşkilat müraciət edib. Yəni tarixə  baxdıqda "exit-poll" keçirmək üçün müraciət edən təşkilatların sayı 3-4 arasında dəyişir. Ümumiyyətlə "Exit-poll" keçirmək kifayət qədər maliyyə, resurs və təcrübə tələb edən işdir. Bu baxımdan 10-15 təşkilatının sözügedən prosesə qoşulması məntiqli deyil. Digər tərəfdən isə seçkilərdə şəffaflığın təmin olunması ilə bağlı müşahidəçi statuslu fəaliyyətlər var. Məsələn, sentyabrın 1-də baş tutacaq parlament seçkilərində müşahidə statusu ilə 5100-dən artıq Qeyri Hökumət Təşkilatları iştirak edəcək. Demək olar ki, QHT koalisiyaları Azərbaycanın bütün ərazisində müşahidə missiyasını icra edəcəklər. Təbii ki, biz də “exit poll”ların keçirilməsinin tərəfdarıyıq. Vətəndaş Cəmiyyətinin nümayəndəsi olaraq “exit-poll”ların sayının artmasını arzulayırıq. Amma reallıqlar göz önündədir və kifayət qədər vəsait tələb etdiyinə görə 3 təşkilatın müraciət etməsini də normal qiymətləndirmək lazımdır”.