Hazırda “3+3” regional platformasına üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində növbəti görüşün tarixi razılaşdırılır.
APA xəbər verir ki, bu açıqlamanı RİA “Novosti”yə müsahibəsi zamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov verib. O həmçinin Ermənistanın Qərb ölkələri ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığının bu dövlət üçün yaxşı heç nə vəd etmədiyini açıqlayıb. Rusiyalı diplomatın sözlərinə görə, Cənubi Qafqazdakı problemlər kənar müdaxilə olmadan region ölkələrinin bilavasitə iştirakı ilə həll olunmalıdır. Qeyd edək ki, sözü gedən platformaya Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya və Türkiyə daxildir.
Rusiyalı diplomatın açıqlamasını “Sherg.az”a dəyərləndirən türk siyasətçi və yazar Aydın Sezer vurğulayıb ki, "3+3" formatı Türkiyə və Rusiya tərəfindən planlaşdırılıb:
“Daha sonra isə regional sülhdə bölgə ölkələrinin əsas aktorlar olması istənildi. Amma keçirilən görüşlərə Gürcüstan qatılmadı. Dolayısı ilə də 3"+3" formatı altı ölkə arasında heç zaman reallaşmadı. Digər tərəfdən İranın Ermənistanla və ya Azərbaycanla münasibətləri də "3+3" formatının müsbət və düzgün işləməsinə bəzi problemlər yaradır. Buna görə də "3+3" formatının Qərb dövlətlərini Cənubi Qafqaza salmamaq baxımından önəmli cəhd olsa da, praktik anlamda müsbət nəticə verəcəyini düşünmürəm. Ötən günlərdə Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı rəsmi Moskvanın Cənubi Qafqazda əsas strateji müttəfiqini ortaya çıxardı. Azərbaycan Qərblə əlaqələri ən çox inkişaf etmiş keçmiş sovet ölkəsi olsa da, Rusiya ilə də strateji tərəfdaşlıq qura bilir. Bunun isə həm Ermənistan, həm də Gürcüstan tərəfindən narahatlıq və qısqanclıqla qarşılandığını vurğulamaq lazımdır. Türkiyə, Ermənistan yaxınlaşması və Azərbaycan-Ermənistan sərhəd danışıqlarının uğurla yekunlaşması durumunda sülhün daha qalıcı olacağını söyləyə bilərəm. Yəni "3+3" formatına ehtiyac belə qalmayacaq. Ermənistan və Gürcüstan isə regionda yeni proseslərə dözmək məcburiyyətində qalacaqlar".