Yaxın gələcək üçün ətin qiymətinin ucuzlaşmasını gözləmək düzgün olmaz -İqtisadçı

Son bir ayda Bakıda ətin qiymətində artım müşahidə edilir. Artımın səbəbləri müxtəlifdir. Əsas səbəb isə ətlik heyvanların sayının az olması göstərilir. 
Milli.Az xəbər verir ki, qəssablar bahalaşmanın səbəbi heyvan qıtlığı ilə əlaqələndirirlər:
"Əvvəl 15 manata satılan mal əti son 1 ayda 16 manata, quzu əti 20-24 manat arası dəyişir. Bahalaşmanın bütün ətlərdə olduğu bildirilir. Heyvandarlıq əzilib. Bölgələrdə isə mal əti 14.50 manat, quzu əti isə 19 manat arası dəyişir. Satıcılar yemi baha olduğunu bildirirlər".

 Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki,  yaxın gələcək üçün Azərbaycanda ətin qiymətinin ucuzlaşmasını gözləmək düzgün olmaz:

“Çünki faktiki olaraq Azərbaycanda daxili istehsal kifayət qədər azalmaqdadır. Məsələn, 2023-cü  ildə ölkədə 538 min ton mal əti istehsal olunub, əvəzində isə 3.2 milyon ton xarici ölkələrdən Azərbaycana mal əti idxal edilib. Yəni faktiki olaraq bazarda adambaşına düşən illik 16  kq mal əti istehlakı göstəriciləri də azalmaqdadır. Əhalinin ət məhsullarını almaq imkanları da aşağı düşür. Bununla da xarici ölkələrdən Azərbaycana idxal edilən mal ətinin maya dəyərinin bahalaşması daxili bazarda qiymətlərin sürətlə artımına gətirib çıxarır. Ümumiyyətlə Azərbaycan ət təsərrüfatları üçün vaksinlərdən tutmuş yem, qida, bir sıra vitaminləri xarici ölkələrdən idxal edir. Faktiki olaraq Azərbaycanın maldarlıq təsərrüfatları təminat və təchizat baxımından idxaldan asılı vəziyyətdədir. Nəticə etibarilə də idxaldan gələn qida məhsulları, tibbi və baytarlıq ləvazimatları və bu kimi xərclərin yüksəlməsi daxili bazarda da qiymətlərin bahalaşmasına gətirib çıxarır. Ölkədə otlaq sahələrin azalması, torpaqların şoranlaşma prosesinin sürətlənməsi, nəticə etibarilə iri və xırda buynuzlu maldarlıq təsərrüfatların da sayında azalmaya səbəb olur. 2023-cü  ildə statistik məlumatlardan da görünür ki, 2021-ci il ilə müqayisədə iri və xırda buynuzlu maldarlıq təsərrüfatlarının sayı təxminən 12 faizə qədər azalıb".

 Eksperd qeyd edib ki, bütün bunlar daxili bazarda qiymətlərə mənfi təsir göstərir və qiymətlərin bahalaşmasına gətirib çıxarır:
"Burada əhalinin daha çox mal əti alması nəticəsində təklifin tələbi üstələməsindən söhbət getmir. Yəni vətəndaşlar mal əti və yaxud da ət məhsullarını istehlak etməsi üzrə göstəricilər yüksəlməyib. Sadəcə olaraq qeyd etdiyimiz kimi, idxaldan asılılıq, daha çox xarici ölkələrdən mal əti və ət məhsullarının idxal edilməsi qiymətlərin bahalaşmasına səbəb olur. Yem, qida, baytarlıq, dərman təminatı və bu kimi xərclər məhz idxalda qiymət artımları ilə daxili bazarda da özünü göstərir. Qiymətlərin ucuzlaşması yalnız Azərbaycanda böyük maldarlıq təsərrüfatlarının formalaşması nəticəsində baş verə bilər ki, bunun üçün də faktiki olaraq strateji proqram icra edilməlidir. Bu proqram da yəqin ki,  yaxın gələcəkdə hazırlanacaq. Çünki Azərbaycanda maldarlıq təsərrüfatlarının inkişaf etdirilməsi üçün Şərqi Zəngəzur və işğaldan azad edilmiş Qarabağ ərazisində böyük potensial var. Düşünürəm ki, gələcək illərdə Azərbaycanda iri və xırdabuynuzlu maldarlıq təsərrüfatlarının həcmində artım olacaq və bazar xarici idxaldan asılılıqdan qismən də olsa xilas olacaq. O zaman ümumiyyətlə, ət məhsullarının qiymətinin ucuzlaşmasının şahidi ola biləcəyik”.