Elektron müqavilə dövrü başladı: İşçiləri qorumaq artıq qaçılmazdır

İşəgötürənlər 6 min manat cərimə və hətta həbs oluna bilər
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti vergi nəzarəti tədbirləri çərçivəsində işçilərin əmək müqaviləsi olmadan işə cəlb edilməsi və nağdsız ödənişlərin düzgün aparılmaması hallarını aşkarlayıb. Monitorinqlər zamanı xidmət, iaşə və pərakəndə ticarət obyektlərində POS-terminaldan istifadə edilmədiyi, müştərilərə kartdan-karta köçürmələrin təklif olunduğu və əmək qanunvericiliyinin pozulduğu müəyyən olunub.
Vergi ödəyicilərinə qanun pozuntularının yolverilməzliyi izah edilib, protokollar tərtib olunub və maliyyə sanksiyaları tətbiq edilib. Qanuna əsasən, POS-terminaldan imtina və əmək müqaviləsi bağlamama hallarında bir sıra məbləğlərdə cərimələr nəzərdə tutulur: birinci dəfə 1 000–2 000 manat, ikinci dəfə 3 000–4 000 manat, üç və daha çox dəfə isə 6 000 manat.
Hüquqşünas Əkrəm Həsənov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycanda işəgötürənlərin əksəriyyəti işçiləri əmək müqaviləsi bağlamadan işlədir. Son illərdə bu sahədə xeyli dəyişikliklər olsa da, günümüzdə yenə də belə hallarla qarşılaşa bilirik: 
“Elektron müqaviləyə keçid prosesi tətbiq olunduğu üçün sahibkarlar artıq cəzadan boyun qaçıra bilmir. Əvvəllər müvafiq qurumlar hər hansı işçinin müqaviləsiz işlədiyini aşkarlasa, işəgötürən yalandan “müqavilə var”, yaxud “bu gün, ya da dünən bağlamışıq” deyə vəziyyətdən boyun qaçırda bilirdi. Elektron əmək müqaviləsinin də əsas üstünlüyü məhz budur ki, belə halda işəgötürən məsuliyyətdən boyun qaçıra bilmir”. 
Ə.Həsənov qeyd edib ki, müqaviləsiz işləmək isə işçinin ziyanınadır. Çünki bu zaman onun məzuniyyət hüququ təmin olunmur, istənilən vaxt işinə xitam verilir, gəlirindən vergi ödənilmir, sosial müdafiə ödənişləri həyata keçirilmir, yəni pensiya fondu formalaşmır: 
“Vergi ödəyicisi tərəfindən işçilərin əmək müqaviləsiz işə cəlb edilməsi faktlarını aşkara çıxarmaq məqsədilə vergi orqanları tərəfindən aparılan yoxlamalar zamanı qanun pozuntularına münasibətdə Vergi Məcəlləsinin 58.10-cu maddəsi tətbiq edilir. 
Həmin maddəyə əsasən,belə hala təqvim ilində birinci dəfə rast gəldikdə hər iki işçiyə görə 2 min manat, il ərzində ikinci dəfə rast gəldikdə, hər nəfər üçün 4 min manat, üçüncü dəfə və daha çox belə hallarla rastlaşılarsa, 6 min manat maliyyə sanksiyası tətbiq olunur.
Əmək müqaviləsiz işçinin işlədilməsi ilə bağlı vacib məqamlardan biri də ondan ibarətdir ki, əgər dövlət orqanlarının yoxlamaları zamanı əmək müqaviləsi bildirişi olmadan xeyli sayda, yəni on nəfər və ondan çox işçinin əməyə cəlb edilməsi aşkara çıxarılarsa, bu zaman işəgötürənə Cinayət Məcəlləsinin fərqli maddələri tətbiq oluna bilər. Əgər vergi ödəyicisi eyni əməlləri təkrar törədərsə, bu zaman üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma tətbiq olunur. Burada bir vacib məsələni də qeyd edək ki, yalnız bir dəfə Cinayət Məcəlləsi üzrə tələbləri pozan şəxs Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə yayındırılmış vergiləri, işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir”.