Kənan Novruzov
Bir dostumuz var. Həmişə hər yerə gecikir. Bəzən düşünürəm ki, bu, onun üçün sadəcə vərdişə çevrilib. Gecikməyə, gözlətməyə öyrəşib.
O gün də gecikdi. Təxminən yarım saat onu gözləməli oldum. Uzun müddətdir haqqında düşündüyüm sualı, nəhayət, özünə verdim:
- Niyə bu qədər gecikirsən?
Qeyri-müəyyən cavab verdi:
- Təki yaşamağa gecikməyim...
Daha bir söz demədim. Deyə də bilmədim.
Görüşə, işə, dərsə...gecikmək olar. Uzaqbaşı danlanacaqsan, qovulacaqsan. Sonra təzə iş taparsan, lap xarakterini dəyişib, bu pis vərdişdən azad olarsan.
Amma bir də var həyata, yaşamağa gecikmək...
Bəzən başımız işə-gücə o qədər çox qarışır ki. Elə hey qaçırıq. Kiməsə, nəyəsə çatmağa çalışırıq. Sadəcə qəfildən ayaq saxlayanda, bir neçə anlıq toxtamaq istəyəndə bir də baxırıq ki, nə qədər uzaqlaşmışıq özümüzdən, sevdiklərimizdən, həyatdan...Sonuncu dəfə nə zaman ürəkdən güldüyümüzü, nə zaman bir sevdiyimizlə gözəl gün keçirdiyimizi, haçan şəhərin boz küçələrində, təmiz havada tələsmədən, qayğısız gəzdiyimizi xatırlaya bilmirik. Bax, onda özümüz-özümüzdən hesab istəyirik. Soruşuruq: nə haray-həşirdir? Nə olub?
Yaxud da insanlara onlara qarşı hisslərimizi açıq şəkildə deməkdən çəkinirik. Sanki bizi yeyəcəklər...Bu günü sabaha satır, bununla sadəcə özümüzü aldatdığımızı bildiyimiz halda guya ən uyğun vaxtı axtarırıq. Bir də baxırıq ki, sevdiyimizə onu sevdiyimizi deyə bilməmişik. Və ya indiyədək buna cəsarət etmədiyimiz və indi ifadə etmək üçün imkanımız olmayan hisslər, fikirlər boğazımızda düyünlənib qalır.
Yəqin ki, oxşar situasiyalar hər birimizin həyatında olub.
Türkiyəli məşhur şair Can Yücelin eyni adlı şeirində dediyi kimi, indi yaşamaq zamanıdır. Elə isə gecikmədən yaşayın bu həyatı. Gecikməyin yaşamağa...