İsmayıllının Topçu kəndində günərzi yay düşərgəsi təşkil olunub

İsmayıllıda Rayon Gənclər və İdman İdarəsinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı(MİHİ) rayon komitəsinin təşkilatçılığı ilə yeniyetmə və gənclər üçün Topçu kəndində günərzi yay düşərgəsi təşkil olunub. Düşərgədə şəhid Sübhi Mirzəliyevin övladları, gənc qazilər, yaradıcı və istedadlı gənclər, tələbələr istirahət ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 20 nəfərin qatıldığı yay düşərgəsində gənclər əyləncəli və maraqlı vaxt keçiriblər. Burada gənclərə “Şahin” hərbi-idman oyunlarına məxsus çadırın qurulması öyrədilib. Həmçinin gənclər arasında şahmat yarışı keçirilib, onlara boccia idman növünün qaydaları izah olunub. Onlar üçün əyləncəli yarış təşkil olunub, istedadlı gənclər musiqi nömrələri ifa ediblər. Vətən müharibəsi qazisi mayor Vüqar Hacıyevlə keçirilən görüş, onun keçdiyi döyüş yolu barədə məlumatlar gənclər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, düşərgə gənclərin milli-mənəvi dəyərləri daha da dərindən mənimsəmələri, yeni bilik və bacarıqlar əldə etmələri, eyni zamanda, onların arasında sağlam ünsiyyətin qurulmasına dəstək olmaq, eləcə də asudə vaxtlarının səmərəli keçirmələrini təmin etmək məqsədi daşıyır.