Sosial şəbəkələrdə çoxları hadisəyə yox, görünməyə reaksiya verir - Ekspert

  • “Məni də görün” ehtiyacı insanları kəskin mövqe tutmağa vadar edir

Tiktokda daha çox "Arzum" ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib.

Tiktokerin vəkili Hikmət Əliyevin məlumatına görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdı.

Vəkil onu da bildirib ki, birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. Bir nəfərin ölümü və bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinə görə tiktoker İlduzə Hacıyevanın (Arzum999) 5 il 2 ay azadlıqdan məhrum edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Xüsusilə sosial şəbəkələrdə hökmün sərtliyi, hadisədən sonra onun davranışları, ölkəni tərk etməsi və sosial mediada fəaliyyətini davam etdirməsi geniş müzakirə edilir. Dövlət ittihamçısı isə məhkəməyə xanım tiktokerin 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ittiham irəli sürülüb.

Hazırda cəmiyyətdə hökmü ədalətli hesab edənlərlə yanaşı, cəzanın sərt və ya əksinə, yetərsiz olduğunu düşünənlər də var. Sosial şəbəkələrdə emosional reaksiyalar, sərt ittihamlar və “internet məhkəməsi” adlandırılan ictimai qınaq mühiti də açıq şəkildə müşahidə olunur.

Mövzu ətrafında əsas müzakirə predmetləri sosial media fenomenlərinin ictimai məsuliyyəti, məşhurluğun insanların hadisələrə münasibətinə təsiri, ictimai qınağın sürətlə yayılması və cəmiyyətin hüquq sisteminə yanaşmasıdır. Hadisə artıq təkcə hüquqi məsələ kimi deyil, həm də sosial-psixoloji və ictimai davranış baxımından diqqət çəkən nümunələrdən biri kimi qiymətləndirilir.

 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sherg.az-a bildirib ki, bu cür hadisələrdə insanların reaksiyası adətən bir neçə psixoloji faktorun təsiri altında formalaşır.

M. Zeynalovanın sözlərinə görə, ölüm və ya ağır nəticələrlə bağlı xəbərlər insanlarda empatiya, qorxu və ədalət hissini gücləndirir: 

“İnsanlar belə hadisələrdə özlərini və yaxınlarını həmin vəziyyətin yerinə qoyurlar. Bu, tamamilə təbii psixoloji reaksiyadır. Amma sosial şəbəkələrin psixologiyası fərqlidir. Burada hər kəs yalnız hadisəni müzakirə etmir, eyni zamanda özünü göstərmək, mənəvi mövqe nümayiş etdirmək və müəyyən qrupa aid olduğunu hiss etdirmək ehtiyacı da yaşayır. Bəzən insanlar hadisənin bütün təfərrüatlarını bilmədən də kəskin mövqe sərgiləyirlər. Bunun arxasında mən də varam, məni də görün ehtiyacı dayanır. Digər tərəfdən, psixologiyada bir mexanizm var. İnsan bəzən öz daxilində yaşadığı günahkarlıq, qəzəb, qorxu və ya həll olunmamış emosiyaları başqasına yönəldir. Belə hallarda konkret hadisə sadəcə həmin emosiyaların ifadəsi üçün bir vasitəyə çevrilir. Yəni verilən reaksiyaların hamısını yalnız hadisənin özü ilə izah etmək düzgün olmaz”.

Hüquq müdafiəçisi qeyd edib ki, tanınmış şəxslərlə bağlı başqa bir psixoloji amil də işləyir:

 “Cəmiyyət onları daha çox tanıdığı üçün onların davranışlarını daha ciddi qiymətləndirir və onlardan daha yüksək məsuliyyət gözləyir. Buna görə də eyni hadisə adi bir vətəndaşla bağlı olduqda daha az ictimai rezonans doğura bilər. Bu hadisədə həm səmimi narahatlıq keçirən insanlar var, həm də sosial şəbəkələrin yaratdığı emosional dalğaya qoşulanlar. Vacib olan isə odur ki, belə məsələlərdə emosiyalar hüquqi prosesin və faktların önünə keçməsin”.