Uşaqlar güclü görünmək arzusu ilə sərhədləri aşırlar - Psixoloqdan XƏBƏRDARLIQ

“Cəmiyyət doğru istiqamətə yönləndirilmədiyi üçün dəhşətli hadisələr baş alıb gedir"

Əvvəllər “qatil” və ya “cinayətkar” dedikdə, insanların təsəvvüründə qorxunc simalı, heybətli bir obraz canlanırdı. Lakin son dönəmlər qətl hadisələrinin yeniyetmələr tərəfindən törədilməsi, beynimizin köhnə stereotiplərini yıxmağa başlayıb.

Uşaqlar sanki ürəklərində yığılıb qalan nifrəti və kini qusmaq üçün yer axtarırlar. Türkiyənin Şanlıurfa və Kahramanmaraş bölgələrində ard-arda 14-19 yaşlı şagirdlərin silaha sarılıb yaşıdlarının həyatına son qoyduqlarına şahid olduq. Ötən gün yasamalda daha bir yeniyetmə, 15 yaşlı uşağın üzərinə spirt tökdükdən sonra alışqanla yandırıb. Artıq uşaqlar bir-birlərinin uğurlarından deyil, aqressiv davranışlarından nümunə götürürlər. "Çukur", "Gaddar" və "Yeraltı" kimi şiddət xarakterli filmlərlə, böyüyən uşaqlardan nə gözləmək olar? Necə deyərlər, göz gördüyünü götürür. Valideynlərin nəzarətsiz davranışlarından söz açmaq belə ağırdır. Məsələn Kahramanmaraşdakı faciəyə səbəb olan uşaq, günlərlə öz sosial hesabındakı profilində Amerikada 7 şagirdin həyatına son qoyan cinayətkarın fotosunu yerləşdirib. Göründüyü kimi, iki valideynin məsuliyyətsizliyi digər valideynləri də övladsız qoydu. 

Mövzu ilə bağlı psixoloq Aysu Həsənova Sherg.az-a bildirib ki, vaxtında göstərilməyən nəzarət geri dönüşü olmayan faciələrə yol açır. 

“Cəmiyyət doğru istiqamətə yönləndirilmədiyi üçün dəhşətli hadisələr baş alıb gedir. Yeniyetməlik dövrü emosional sabitliyin tam formalaşmadığı həssas inkişaf mərhələsidir. Bu mərhələdə uşaqlar güclü görünmək arzusu ilə sərhədləri aşmağa meyil göstərə bilirlər. Təəssüf ki, yeniyetmələr sahib olduqları enerjini hansı istiqamətə yönləndirəcəklərini təkbaşına müəyyənləşdirməkdə çətinlik çəkirlər. Əgər bu mərhələdə doğru çərçivə, aydın sərhədlər və emosional rəhbərlik yoxdursa, toplanan enerji asanlıqla dağıdıcı istiqamətə yol alacaq”.  

Psixoloqun sözlərinə görə, bəzi uşaqlarda aqressiyanı tənzimləyən daxili nəzarət mexanizmi tam formalaşmır:

“Bu isə adətən iki səbəbdən olur. Ya uşaq sərhədsiz mühitdə böyüyüb, ya da həddindən artıq cəza və sərt yanaşmalara məruz qalıb. Hər iki halda yeniyetmə öz davranışlarının nəticələrini dəyərləndirməyi öyrənmir. Sadəcə daxili aləmini bürüyən hisslərin təsiri ilə hərəkət edir. Tətikləyici faktorlar isə çox vaxt ani olur. Buna Türkiyədəki olayları şamil etmək olar. Kiçik mübahisə, təhqir və ya rədd edilmə kimi normalda keçici xarakter daşıyan situasiyalar bu uşaqlarda özünü “təsdiq etmə” və ya “intiqam alma” ehtiyacına çevrilir”. 

A. Həsənova vurğulayıb ki, emosional boşluq yaşayan uşaqlarda yığılan psixoloji gərginlik partlamağa yer axtarır: 

“Valideynlər çox vaxt övladlarına ya həddindən artıq sərbəstlik verir, ya da qadağalarla sıxırlar. Hər iki yanaşma uşağı özünü tənzimləmə bacarığından məhrum edir. Məktəblərdə isə aqressiv davranışlara faciəvi hadisəyə çevrildikdən sonra müdaxilə edilir. Halbuki uşaqların psixoloji portretini vaxtında müalicə etmək mümkündür”. 

Sağlam gəncliyin formalaşması üçün üç əsas komponentin təmin edilməsi vacibdir: 

“Bunlara sərhəd, əlaqə və nəzarət sistemi daxildir. Uşaqlar üçün hisslərini açıq şəkildə ifadə edə biləcəkləri təhlükəsiz münasibət mühiti formalaşdırılmalıdır. Onların həyatında maraq, məşğuliyyət və yönləndirilmiş fəaliyyətlər olmalıdır ki, enerjilərini dağıtmağa deyil, yaradıcı istiqamətə yönəldə bilsinlər. Çünki problem uşağın “pis olması” deyil. Onların gücü, impulsları və emosiyaları düzgün istiqamətə yönləndirilmir. İstiqamətsiz qalan hər şey, gec-tez təhlükəyə çevrilir”.