Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dini mərkəzi sayılan Eçmiədzində mitinq planlaşdırır. Paşinyan özü sosial şəbəkələrdə verdiyi açıqlamada bu prosesə işarə edib. Mitinqin iyulun 22-də bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının qarşısında keçirilməsi gözlənilir. Ekspertlərə görə, Paşinyanın bu təşəbbüsünün əsas məqsədi II Qaregini Eçmiədzindəki rəsmi iqamətgahından uzaqlaşdırmaqdır. Paşinyan mitinq iştirakçılarının sayının 10 minə çatdırılmasını tapşırıb. Müxalifət və kilsə rəsmiləri mitinqi təxribat, həmçinin hücum kimi qiymətləndirib. Yerli mətbuatın məlumatına əsasən, mitinqdə xüsusi təyinatlı qüvvələrin mülki geyimdə iştirakı, eyni zamanda "Yerkrapa" könüllü dəstələrinin cəlb olunacağı gözlənilir. Bəzi erməni analitiklərin fikrincə, Paşinyan yaxın günlərdə kilsə rəhbərliyinə qarşı "korrupsiya" və digər ittihamlarla bağlı "kompromatları" mediaya sızdırmağı planlaşdırır. Qeyd edək ki, Paşinyan bir müddət əvvəl kilsə rəsmilərinin subaylıq andını pozduğunu bildirib. Bu səbəbdən tərəflər arasında qarşıdurma şiddətlənib. Paşinyan bəyan edib ki, Ermənistanı Serj Sarkisyandan azad etdiyi kimi, kilsəni də azad edəcək: "Eçmiədzinin (II Qaregin) ana taxtı antixristian, azğın, antimilli və dövlət əleyhinə qrup tərəfindən ələ keçirilib. Bu mübarizəyə şəxsən rəhbərlik edəcəyəm". Paşinyan bildirib ki, o, Erməni Apostol Kilsəsinin azad edilməsinə şəxsən rəhbərlik etmək niyyətindədir.
Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin rəhbəri Samir Hümbətov deyib ki, Nikol Paşinyanın Kilsə ilə münasibətinin bu cür kəskinləşməsi, keşişlərə birbaşa savaş açması baş nazirin özünü, hakimiyyətini qoruma instinktindən irəli gəlir. Ekspert vurğulayıb ki, Paşinyan başa düşür ki, Kilsə nəinki Paşinyanın hakimiyyəti üçün, hətta birbaşa həyatı üçün riskli, təhlükəlidir: 
"Kilsə Paşinyanı fiziki olaraq aradan götürə bilər. Baş nazirə qarşı sui-qəsd cəhdləri də mümkündür. Məhz ona görə Kilsə və keşişlər Paşinyanı açıq şəkildə həyatı ilə təhdid edir, İŞİD kimi "başının kəsilməsindən" danışır. Bu, Kilsənin hökumət başçısına açıq-aşkar eyhamıdır. O səbəbdən Paşinyanın təhlükəli gördüyü erməni Apostol Kilsəsini əvvəlcədən aradan götürməyə çalışması, zərərsizləşdirmə təşəbbüsləri başadüşüləndir. Paşinyan gec qalaraq məğlub olan, əzilən tərəf olmaq istəmir. Paşinyanın əlində imkanlar daha çoxdur. Baş nazir, əslində, Kilsənin başında duran II Qaregini özünə yaxın fiqurla əvəzləmək düşüncəsindədir. Paşinyan 2021-ci ildə ordunun Baş Qərargah rəisini dəyişdirməklə bənzər addım atıb. Böyük ehtimal, Paşinyan Kilsə ilə mübarizədən qalib çıxacaq və uğur qazanacaq".