Ermənistan hökuməti istefa verdi

Ermənistan hökuməti ölkə Konstitusiyasına uyğun olaraq istefa verib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Ermənistan Konstitusiyasının 158-ci maddəsinə əsasən, yeni seçilmiş Milli Assambleyanın ilk iclası günü hökumət istefa verir.

Paşinyanın sözlərinə görə, yeni hökumət formalaşana qədər Nazirlər Kabinetinin üzvləri öz vəzifələrini icra etməyə davam edəcəklər.

Baş nazir əlavə edib ki, Konstitusiyanın 149-cu maddəsinə əsasən, yeni seçilmiş parlamentin səlahiyyət müddəti başlayandan dərhal sonra ölkə Prezidenti parlament çoxluğunun təqdim etdiyi baş nazir namizədini irəli sürəcək.

Paşinyan bildirib ki, parlament çoxluğu bu gün baş nazir postuna namizəd təqdim edəcək və bundan sonra Konstitusiyanın 148-ci maddəsinə uyğun olaraq müvafiq təyinat həyata keçiriləcək.