Ermənistan Qərbin "əsgəri"nə çevrilir -ŞƏRH

KTMT-yə “biz artıq sizinlə deyilik” mesajı verilir
Ermənistan ordusu “sülhməramlı” maskası altında revanşizmi bərpa edir
Avqustun 12-dən 20-dək Ermənistan və ABŞ arasında “Qartal Tərəfdaşı-2025” adlı birgə hərbi təlimlərin keçirilməsi planlaşdırılır.
Bu təlimlər regionda siyasi və təhlükəsizlik balansına təsir edəcək mühüm hadisə kimi qiymətləndirilir. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlər beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq məqsədi daşıyır və burada Ermənistan Silahlı Qüvvələrinin Sülhməramlı Briqadası ilə yanaşı, ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunları, eləcə də Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.
Təlimlər, əsasən, sülhməramlı əməliyyatlar, tibbi evakuasiya prosedurları və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəlib. Bu hərbi əməkdaşlıq fonunda Ermənistanın Rusiya və KTMT ilə münasibətlərində gərginliyin daha da artacağı, Moskvanın isə buna sərt reaksiya verəcəyi ehtimal olunur. Təlimlər həm də Ermənistanın hansı hərbi-siyasi bloka üstünlük verəcəyinə dair sualları aktuallaşdırır.
Bu təlimlərin son illər mütəmadi olaraq keçirildiyini xatırladan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, təlimlərin əsas məqsədi Ermənistan ordusunun döyüş qabiliyyətinin artırılması olduğundan Ermənistana çox lazımdır. Bu təlimlərdə də bundan əvvəl keçirilmiş təlimdəki elementlər təkrarlanacaq, tibbi evakuasiya məsələlərinə diqqət yetiriləcək. Məqsədlərdən biri də beynəlxalq sülhməramlı missiyalarda bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsidir. Ermənistan ordusu bu təlimlərdə ABŞ ordusunun qabaqcıl təcrübəsini öyrənir.
Bununla belə, hərbi ekspertin sözlərinə görə, təlimlərin hərbi aspektlə yanaşı siyasi çalarları da var:
 "Ermənistan KTMT-nin formal da olsa üzvüdür. Lakin Ermənistan sözügedən təlimlərlə bir daha sübut edir ki, KTMT-dən daha çox Amerika ordusu ilə əməkdaşlığa önəm verir. Bu isə Ermənistana həm daha çox beynəlxalq nüfuz gətirir, həm də sülhməramlı missiyalarda Ermənistan ordusunun iştirakı ilə dövlətin yeni imici formalaşır. Ermənistan Müdafiə Nazirliyi də bununla təbliğat aparır. Eyni zamanda bu, KTMT-yə bir mesajdır ki, biz artıq sizinlə deyilik. Hesab edirəm ki, bu, Ermənistan üçün ABŞ və Qərb tərəfindən əlavə dəstəkdir. Çünki bu təlim çərçivəsində Ermənistan silahlı qüvvələrinə maddi dəstək də nəzərdə tutulub. Dünənə qədər Ermənistanın adı yalnız Azərbaycanın ərazilərini işğal etmiş ölkə kimi çəkilirdisə, indi Ermənistan bu imici dəyişdirib, sülhməramlı missiyalarda iştirak edən ölkəyə çevrilir. Ermənistan bu cür təbliğatı, ordularının bu cür kiçik tədbirlərini dəfələrlə böyütməyi çox yaxşı bacarır”. 
Milli Cəbhə Partiyasının başqan müavini, politoloq Məhəmməd Əsədullazadə isə Sherg.az-a açıqlamasında məsələyə bir neçə prizmadan yanaşıb: 
“Amerika Birləşmiş Ştatları artıq neçənci dəfədir ki, Ermənistanda hərbi təlimlər keçirir. Sözügedən təlimlər Rusiyaya qarşı yönəlib. ABŞ Cənubi Qafqazda Ermənistanı Rusiyaya qarşı bir plasdarma çevirir. Həm də İrana qarşıdır bu təlimlər. Təbii ki, Ermənistanla Azərbaycan arasında sülh yoxdur, bu ölkə öz Konstitusiyasına dəyişiklik etməyib. Bu da oradakı revanşistlərə ümid verir. Xüsusən də ABŞ ilə birgə hərbi təlimlər revanşistləri daha çox həvəsləndirir. ABŞ və Fransadan alınan silahlar erməni terror birləşmələrinin əlinə keçə bilər. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıbsa, ABŞ ilə keçirilən təlimlər sülhə qarşıdır. Bu, həm də Birləşmiş Ştatların sülh çağırışlarına kölgə salır. Vaşinqton sülhdə maraqlıdırsa, belə bir prosesdən əl çəkməlidir. Əlbəttə, burada geopolitik maraqlar da var və ABŞ bundan Rusiyaya qarşı istifadə edir. Ermənistandan Rusiya hərbi bazalarını çıxarmağa çalışır. Ancaq bütün bunlarla paralel olaraq Ermənistanda Azərbaycana qarşı işğal ideyaları yaranır. Yəni revanşizmi, düşmənçiliyi körükləyir. Ona görə də indiki dönəmdə ABŞ-nin məlum addımları çox təhlükəlidir və sülhə xidmət etmir”.