Natiq Miri: “Ermənistan Rusiyanın orbitindən çıxır"

“Rusiya Cənubi Qafqazdan tam sıxışdırıla bilər”

"Vaşinqton razılaşması hər şeyi dəyişdi, regionda yeni geosiyasi xəritə cızılır"

Erənistanın Avropa İttifaqına inteqrasiya kursunu sürətləndirməsi və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar regionda yeni geosiyasi reallıq formalaşdırır. Bu proseslərin Rusiyanın maraqlarına uyğun gəlmədiyi barədə fikirlər isə getdikcə daha açıq səslənir. Erməni politoloq Armen Petrosyan da hesab edir ki, Moskva İrəvanın Qərbə yaxınlaşmasından və Bakı ilə barışıq prosesindən narahatdır.

Politoloq Natiq Miri Sherg.az-a deyib ki, Erənistanın Avropa İttifaqına inteqrasiyası Ermənistanın Rusiyanın orbitindən çıxması anlamına gəlir. Ona görə Rusiya narahatdır:

"Çünki Rusiyanın orbitindən çıxılması Moskvanın Ermənistana həm təhlükəsizlik, həm də iqtisadi yönümdən təsir imkanlarını yox edəcək. Digər tərəfdən Avropa İttifaqı–Ermənistan yaxınlaşması daha da ciddiləşər və institutlaşarsa, bu, perspektivdə nüvəsi Rusiya olan bütün birliklərdən, ittifaqlardan Ermənistanın çıxması anlamına gələcək. Bu, həmçinin Ermənistan sərhədlərinin məhz Ermənistan sərhəd qoşunları tərəfindən qorunması anlamına gələcək. Ən nəhayət, Rusiyanın Ermənistandakı hərbi varlığına da tədricən son qoyulacaq. Yəni, Gümrüdəki 102 nömrəli hərbi bazanın Ermənistandan çıxarılması məsələsi gündəmə gələcək. Əgər Rusiya Ermənistandan çıxarsa, bütövlükdə Cənubi Qafqazdan tamamilə sıxışdırılıb çıxarılacaq. Çünki Cənubi Qafqazda Rusiyanın yeganə hərbi varlığı yalnız Ermənistandadır. O baxımdan Ermənistan–Avropa İttifaqı əməkdaşlığı münasibətlərinə Rusiya çox həssas və qəzəbli yanaşır. Ermənistan–Azərbaycan normallaşması prosesi isə əsasən ötən ilin avqust ayından başlayıb. Avqustun 8-də Vaşinqtonda sülh prosesi ilə bağlı sülh sənədi paraflandı və hər iki dövlətin prezidenti ABŞ Prezidentinin zəmanəti ilə birgə bəyannamə imzaladı. Ardınca kommunikasiyaların açılması ilə bağlı və Zəngəzur dəhlizi, “Tramp marşrutu” hüquqi çərçivəyə salındı. Doğrudur, bunlar ilkin addımlardır və bu addımları möhkəmlətmək üçün Azərbaycan birtərəfli qaydada Ermənistana olan blokadanı, yəni nəqliyyat-kommunikasiya əlaqələrinin bloklanmasını aradan qaldırdı. Bu, çox ciddi praktik addım idi və hiss olunurdu ki, bunun davamı gələcək. Artıq bu blokada qaldırılandan sonra Azərbaycandan keçən qatarlar Ermənistana gedə bilir. Ermənistan üçün həyati vacib məhsullar rahatlıqla daşına bilir".

Analitik bildirib ki, Azərbaycanla Ermənistan arasında artıq ticarət də tədricən formalaşır:

"Məhz Azərbaycanın atdığı addımlar kontekstində, dünyada mövcud olan indiki neft böhranı və yanacaqların dəhşətli dərəcədə bahalaşması fonunda Ermənistanda qiymətlər minimaldır və bunu Ermənistan rəhbərliyi də təsdiqləyir. Yəni, bu praktik addımlarla paraflanmış sülh sənədi daha da möhkəmlənir və praktik sülhün bərqərar olmasına töhfə verir. Bu gün artıq qarşılıqlı olaraq dövlət məmurları Ermənistana və Azərbaycana gedib-gələ bilir. Həmçinin qeyri-hökumət təşkilatları qarşılıqlı səfərlər həyata keçirir və bir çox strateji məsələləri müzakirə edirlər. O cümlədən erməni siyasətşünasının iddia etdiyi kimi, artıq Ermənistan paytaxtında azərbaycanlılar çox rahat və heç bir qoruyucu olmadan gəzə bilirlər. Mənə elə gəlir ki, bu, ən ciddi praktik göstəricidir. Ancaq bu hələ tam hüquqi təminat deyil. Çünki irəlidə, iyunun 7-də parlament seçkiləri keçiriləcək və Azərbaycan–Ermənistan münasibətlərinin gələcəyi də bu parlament seçkilərinin nəticələrindən asılı olacaq. Bu qeyri-müəyyənliyə görə Azərbaycan daha böyük hüquqi təminat tələb edir ki, bu da Ermənistan Konstitusiyasında, yəni preambulada və Müstəqillik Bəyannaməsində qeyd edilən Azərbaycana qarşı ərazi iddiasının tamamilə aradan qaldırılmasıdır. Bu olduğu təqdirdə artıq Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına bütün əngəllər aradan qalxacaq. Sonrakı mərhələdə isə artıq beynəlxalq münasibətlər çərçivəsində əlaqələr qurulacaq, hər iki dövlətdə qarşılıqlı diplomatik missiyalar açılacaq. Doğrudur, buna bir az məsafə var, ən azından bir neçə aylıq zaman tələb olunur. Çünki əgər xalq sülhə səs verəcəksə, onda Nikol Paşinyan hökuməti qurmaq mandatı alacaq. Bu da sülhün önünü növbəti dəfə açacaq".