Putin Paşinyana açıq mesaj verdi - ANALİTİK

Rusiya Cənubi Qafqazı tərk etməyəcək, təzyiqlər davam edəcək

Rusiya baş nazirinin müavini Aleksey Overçuk tərəfindən səsləndirilən açıqlama Ermənistan–Rusiya münasibətlərində mümkün dönüş nöqtəsi kimi dəyərləndirilir. O, İrəvanın Avropa İttifaqı ilə inteqrasiya kursunu davam etdirməsinin praktiki nəticələrindən birinin iki ölkə arasında hava əlaqələrinin dayandırılması ola biləcəyini bildirib. Bu xəbərdarlıq təkcə nəqliyyat məsələsi kimi deyil, həm də Ermənistanın geosiyasi istiqamət seçiminin iqtisadi, sosial və humanitar təsirlərini göstərən siqnal kimi qiymətləndirilir. 

Overçukun sözlərinə görə, hazırda Rusiyanın Avropa İttifaqı ölkələri ilə hava əlaqəsinin məhdud olması fonunda Ermənistanın da eyni ssenari ilə üzləşməsi ehtimalı artır. Bu isə əmək miqrasiyası, turizm, ticarət və ailə əlaqələri baxımından ciddi nəticələr doğura bilər. Rusiya ilə sıx iqtisadi və humanitar əlaqələrə malik olan Ermənistan üçün belə bir addımın gündəmə gətirilməsi, Moskvanın İrəvanın xarici siyasət kursundan narahatlığının açıq ifadəsi kimi qəbul edilir.

Bəyanat həm də Ermənistan cəmiyyətinə yönəlmiş mesaj kimi qiymətləndirilir. Moskva rəsmi İrəvanın Avropa İttifaqına yaxınlaşmasının mümkün nəticələrinin əvvəlcədən düşünülməsinin vacibliyini vurğulayır. Bu kontekstdə Overçukun açıqlaması regionda geosiyasi rəqabətin dərinləşdiyini və Ermənistanın seçəcəyi istiqamətin Rusiya ilə münasibətlərə birbaşa təsir edə biləcəyini göstərən mühüm siqnal kimi diqqət çəkir.

Politoloq Abutalıb Səmədov “Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanda baş tutacaq parlament seçkiləri ərəfəsində ilk ciddi təzyiq Vladimir Putinlə Nikol Paşinyanın görüşündə səsləndirildi:

"Putin Ermənistanın tutduğu xarici siyasət kursunun hansı ağır nəticələrə gətirib çıxara biləcəyini bir neçə misalla izah etdi. Təbii ki, hamısını demədi və digər hökumət üzvlərinin də bu xətti davam etdirəcəyi gözlənilir. Bu kampaniyaya qoşulan ilk şəxslərdən biri baş nazirin müavini Aleksey Overçuk oldu. Bu, açıq təzyiqdir və prosesin bununla bitməyəcəyi görünür. Rusiyanın Ermənistana təsir rıçaqları kifayət qədər çoxdur və onların mərhələli şəkildə işə salınacağı ehtimal olunur. İrəvanın Avropa İttifaqına yaxınlaşması onun Avrasiya İqtisadi Birliyində üzvlüyünü faktiki olaraq mümkünsüz edir. Putin də xatırlatdı ki, son dövrdə Ermənistanın bu birliyə üzv ölkələrə ixracı on dəfə artıb. Bu dinamikanın davam etməsi isə sual altına düşür. Putin Avropada qazın qiymətinin təxminən 600 dollar olduğunu qeyd edərək, Rusiyanın Ermənistana qazı 175-177 dollar civarında satdığını vurğuladı və qiymətin artırıla biləcəyinə eyham vurdu. Bu isə mühüm iqtisadi rıçaqdır".

Analitikin sözlərinə görə, digər təzyiq vasitələri də mümkündür:

"Məsələn, Rusiyada çalışan erməni əmək miqrantları hər il Ermənistana orta hesabla 3 milyard dollar civarında vəsait göndərirlər. Bu sahədə mümkün məhdudiyyətlər ölkə iqtisadiyyatı üçün ciddi nəticələr doğura bilər. Logistika baxımından isə ciddi dəyişiklik gözlənilmir. Əsas beynəlxalq marşrut olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Azərbaycandan keçərək İrana, oradan da Hindistana uzanır. İran və Hindistan Ermənistanın bu prosesə qoşulması üçün cəhd göstərsələr də, hələlik ciddi nəticə əldə olunmayıb. Rusiya ilə münasibətlərin pisləşməsi bu perspektivi daha da zəiflədir. Hava uçuşlarının dayandırılması ehtimalı Ermənistan cəmiyyətini narahat edə və seçkilərdə seçici davranışına təsir göstərə bilər. Bununla belə, seçkilərin nəticələrinə təsir edən daha geniş iqtisadi faktorlar da mövcuddur və onların bir hissəsini Putin artıq dilə gətirib. Gözlənilir ki, Rusiyadan əlavə bəyanatlar səslənəcək və təzyiqlər davam edəcək. Putin açıq şəkildə Paşinyana Rusiyanın Ermənistanı və bütövlükdə Cənubi Qafqazı tərk etmək niyyətində olmadığını çatdırdı. Moskva Rusiyayönlü qüvvələrin güclənməsində maraqlıdır və bu məqsədlə iqtisadi rıçaqlardan seçkilər yaxınlaşdıqca daha geniş istifadə edə bilər".