- Elçin Xalidbəyli: “Yaxın aylarda Ermənistana qarşı daha sərt təzyiq başlaya bilər”
- “Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz dalğası yarana bilər”
Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Müstəqillik Günü münasibətilə Baş nazir Nikol Paşinyana ünvanladığı təbrik mesajı Moskva ilə İrəvan arasında münasibətlərin mürəkkəb olaraq qaldığı bir vaxtda diqqət çəkib. Son dövrdə iki ölkə arasında siyasi fikir ayrılıqları və qarşılıqlı etimadsızlıq artsa da, Kreml tərəfindən Ermənistanın milli bayramı münasibətilə rəsmi təbrikin göndərilməsi diplomatik baxımdan müəyyən mesajlar daşıyır. Xüsusilə Putinin müraciətində “dost Ermənistan xalqı” ifadəsindən istifadə etməsi diqqət çəkir. Bu ifadə Kremlin Ermənistan dövləti ilə onun siyasi rəhbərliyinə yanaşmasının eyni olmadığını göstərən diplomatik jest kimi qiymətləndirilə bilərmi? Eyni zamanda, təbrikin Rusiya-Ermənistan münasibətlərinin gələcək perspektivləri baxımından hansı məna daşıdığı da müzakirə mövzusudur.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a söyləyib ki, Prezident Putinin Ermənistanın Müstəqillik Günü münasibətilə təbrik etməsi Ermənistan-Rusiya münasibətlərinin normallaşması anlamına gəlmir:

“Putin böyük ehtimalla bunu siyasi etika naminə edib. Ancaq bu iki dövlət arasında qarşıdurma mühiti hələ də hökm sürür və böyük ehtimalla Paşinyan hakimiyyəti mövcud olduğu müddətdə bu qarşıdurmanın davam etmə ehtimalı kifayət qədər yüksəkdir. Yəqin ki, Rusiya Ermənistana qarşı təzyiqləri davam etdirməkdə israrlı olacaq. Çünki Kreml Ermənistanın Rusiyanın orbitindən çıxaraq Qərbə yaxınlaşmasını heç cür qəbul etmək niyyətində olmadığını bir daha göstərir.
Bu da o deməkdir ki, yaxın aylarda Ermənistana qarşı daha sərt təzyiq kampaniyası başlaya bilər. Prezident Putinin “dost Ermənistan xalqı” ifadəsini işlətməsi də onu göstərir ki, Kreml Ermənistan xalqını və Paşinyan hakimiyyətini bir-birindən ayırır. Bununla eyham vurulur ki, Rusiya ilə qarşıdurma vəziyyətində olan Ermənistan dövləti və yaxud Ermənistan xalqı, əhalisi deyil, məhz Paşinyan hakimiyyətidir.
Kreml böyük ehtimalla Paşinyan hakimiyyəti ilə bağlı problemi həll etməyə cəhd göstərir. Ermənistana yönəlik təzyiqlərin də məhz bunu reallaşdırmağa hesablanmış ola biləcəyi qətiyyən şübhə doğurmur. Çünki əsasən sosial-iqtisadi xarakterli təzyiqlərin ön plana keçdiyi müşahidə olunur. Belə təzyiqlər Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz dalğası yarada bilər və bu dalğa da istər-istəməz Paşinyan hakimiyyətinə təzyiq xarakteri daşıya bilər”.
Analitikin sözlərinə görə, bütün bunları nəzərə alanda hesab etmək olar ki, hazırda Kremlin əsas hədəflərindən biri Paşinyan hakimiyyəti ilə Ermənistan əhalisi arasında kəskin ziddiyyət yaratmaqdan ibarətdir:
“Prezident Putinin “Ermənistan xalqı” ifadəsini işlətməsi də məhz bu hədəfə yönəlmiş manipulyasiya xarakteri daşıyır”.