“30 illik nifrət əriyir – Azərbaycan və Ermənistan yaxınlaşır”
“Ermənistan konstitusiyanı dəyişərsə, sülh sazişi qaçılmaz olacaq”
Qəbələdə keçirilən görüşlər Cənubi Qafqazda artan geosiyasi risklər fonunda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini ön plana çıxarıb. “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində baş tutan müzakirələr, bölgədə normallaşma prosesinin davam etdiyini göstərməklə yanaşı, xarici amillərin təsirinin də nəzərə alındığını ortaya qoyur. İrəvanda çıxış edən ekspert Narek Minasyan bildirib ki, Ukraynada davam edən müharibə və İran ətrafında baş verən hadisələr region üçün əlavə çağırışlar yaradır. Onun sözlərinə görə, mövcud şəraitdə Azərbaycan və Ermənistanın təhlükəsizlik baxımından ortaq maraqları formalaşır və dialoqun davam etməsi sabitliyin qorunması üçün mühüm əhəmiyyət daşıyır.
Politoloq Natiq Miri Sherg.az-a bildirib ki, görüş qeyri-hökumət təşkilatları(QHT) səviyyəsində olsa da, hökumətin baxışlarını ifadə edir:
“Ancaq bu o demək deyil ki, görüşlər və iştirakçılar iki ölkə arasındakı münasibətlər, o cümlədən geosiyasi anlamda hansısa strateji qərar vermək gücündədir. Ancaq görüşün əlbəttə əhəmiyyəti var, çünki ən azından 30 illik bir münaqişədə xalqlar arasında bir buzlaşma var və bu buzlaşma, nifrət uzun müddət qala bilməz. Bunun aradan qaldırılması üçün təmaslara ehtiyac var. Çünki bu təmaslar keçmişdə olan bir çox yaşantıları yenidən yaddaşa gətirir. Bu xalqların dinc yanaşı yaşadığı və normal münasibətlərin olduğu dövrlər də olub. Hətta bu dinc yanaşı yaşama ilə bağlı birgə nikahlar da mövcuddur. Hələ də Azərbaycanda 30-40 minə yaxın qarışıq nikahların olduğu qeyd olunur. İşğaldan sonra da Azərbaycan humanist dövlət olaraq bu insanların, yəni ermənilərin Azərbaycanda yaşamasına və ailə quruluşunu davam etdirməsinə imkan tanıyıb. Bu, Ermənistanla Azərbaycan arasında həm dövlət, həm cəmiyyət, həm də xalqın psixoloji fərqini ortaya qoyur”.
Anlitik deyib ki, belə görüşlər xalqlar arasında buzların əriməsinə və təmasların tədricən nifrətdən daha müsbət münasibətlərə doğru dəyişməsinə səbəb olur:
“ Bu, tədrici prosesdir, bir və ya iki görüşlə başa gələn məsələ deyil. Lakin bu cür görüşlər münasibətlərin formalaşmasına, fərqliliklərin mərhələli şəkildə aradan qalxmasına xidmət edir. İnsanlar öz ölkələrinə qayıdaraq qarşı tərəfin yalnız düşmən obrazı olmadığını ifadə edirlər və bunu ictimaiyyət də görür. Bununla yanaşı, belə görüşlərlə paralel praktiki addımlar da mühüm rol oynayır. Sözügedən addımlar tədricən iqtisadi münasibətlərin formalaşması, qarşılıqlı ticarətin bərpası kimi sahələrdə özünü göstərir ki, bu da sülhə ciddi töhfə verən amillərdəndir. Ona görə də belə təmaslar zəruridir, vacibdir və davamlı olması hər iki dövlətin maraqlarına uyğundur”.
N.Mirinin sözlərinə görə, Qəbələdə keçirilən görüşlər Cənubi Qafqazda artan geosiyasi risklər fonunda regional təhlükəsizlik və əməkdaşlıq məsələlərini ön plana çıxarıb:
““Sülh Körpüsü” təşəbbüsü çərçivəsində baş tutan müzakirələr, bölgədə normallaşma prosesinin davam etdiyini göstərməklə yanaşı, xarici amillərin təsirinin də nəzərə alındığını ortaya qoyur. İrəvanda çıxış edən ekspert Narek Minasyan bildirib ki, Ukraynada davam edən müharibə və İran ətrafında baş verən hadisələr region üçün əlavə çağırışlar yaradır. Onun sözlərinə görə, mövcud şəraitdə Azərbaycan və Ermənistanın təhlükəsizlik baxımından ortaq maraqları formalaşır və dialoqun davam etməsi sabitliyin qorunması üçün mühüm əhəmiyyət daşıyır. Qafqazda sabitliyin qorunmasına gəldikdə isə, ilk növbədə münaqişənin tam başa çatması və yekun sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Bunun üçün atılacaq addımlar bəllidir və Ermənistan da tədricən buna hazırlaşdığını nümayiş etdirir. Lakin hələlik bunlar əsasən bəyanatlar səviyyəsində qalır. Doğrudur, Baş nazir Nikol Paşinyan səviyyəsində yeni konstitusiya, o cümlədən preambuladakı ərazi iddialarının aradan qaldırılması ilə bağlı açıqlamalar verilib və bunun Ermənistanın maraqlarına uyğun olmadığı qeyd olunub. Bunlar müsbət siqnallardır, lakin hələ praktik addımlarla təsdiqlənməyib. Gələcəkdə referendum keçirilib yeni konstitusiya qəbul olunarsa və ərazi iddiaları tam aradan qaldırılarsa, yekun sülh müqaviləsinin imzalanması mümkün ola bilər. Bu isə sadəcə formal sənəd deyil, daha dayanıqlı və institusional mühitin formalaşmasına gətirib çıxarar”.
Ekspert sonda qeyd edib ki, Cənubi Qafqaz ölkələri arasında normal münasibətlərin qurulması və hətta birgə təhlükəsizlik arxitekturasının formalaşdırılması regionda süni münaqişələr yaratmaq istəyən xarici güclərin imkanlarını məhdudlaşdırır:
“ Xarici müdaxilələrin qarşısının alınması isə məhz qarşılıqlı əməkdaşlıq, ticarət əlaqələrinin genişlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılması və təhlükəsizlik sahəsində birgə fəaliyyət vasitəsilə mümkündür”.