Rusiya bu görüşdən və bu səfərdən sonra Ermənistana qarşı seçkidən əvvəl həyata keçirdiyi iqtisadi rıçaqlardan tamamilə imtina edəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfər edib. Baş nazir Yekaterinburqda keçirilən “İnnoprom-2026” beynəlxalq sənaye sərgisi çərçivəsində təşkil olunan “Sənaye 360. Sərhədsiz istehsal” mövzusunda plenar iclasda iştirak edəcək. Səfər çərçivəsində Paşinyanın Rusiya Baş naziri Mixail Mişustinlə görüşü də planlaşdırılır. Bu səfər Ermənistan-Rusiya münasibətlərində son illərdə yaşanan gərginlik, İrəvanın Qərblə yaxınlaşma siyasəti və Cənubi Qafqazda dəyişən geosiyasi reallıqlar fonunda xüsusi diqqət çəkir. Seçkilərdən sonra Paşinyanın Rusiyaya ilk səfəri kimi qiymətləndirilən bu görüşlərin iki ölkə arasında münasibətlərin gələcək istiqamətinə hansı təsiri göstərəcəyi, Moskvanın İrəvanla bağlı siyasətində hər hansı dəyişiklik olub-olmayacağı və tərəflərin mövcud fikir ayrılıqlarını nə dərəcədə aradan qaldıra biləcəyi əsas müzakirə mövzularındandır. Paşinyanın səfərinin siyasi və geosiyasi əhəmiyyətini dəyərləndirən siyasi şərhçi bildirib ki, bu görüşlər təkcə ikitərəfli münasibətlər baxımından deyil, həm də Cənubi Qafqazda formalaşan yeni təhlükəsizlik və təsir balansı kontekstində mühüm əhəmiyyət daşıyır.
Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a söyləyib ki, Paşinyan seçkidən sonra ilk olaraq Rusiyaya səfər edəcək:
“Təbii ki, bu, seçkidən əvvəl baş verən Rusiya-Ermənistan qarşıdurması fonunda diqqət çəkir. Hazırda tərəflər yeni gündəmi müəyyən etməyə çalışırlar. Seçkidən əvvəl baş verən qarşıdurma, xüsusilə Rusiyanın iqtisadi müstəvidə təzyiqləri seçkiyə hesablanmış bir addım idi. Xüsusilə Ermənistan cəmiyyətinə mesaj verilirdi ki, Paşinyan seçilərsə, Ermənistan iqtisadi çətinliklərlə üzləşəcək. Rusiya özünün dəstəklədiyi revanşist qüvvələrin mövqeyini gücləndirmək üçün iqtisadi təzyiqlər göstərirdi. Amma seçkidə Paşinyan qalib gəldi və indi artıq seçkidən sonra baş tutacaq görüşlərdə, qurulacaq təmaslarda yeni mərhələ müzakirə ediləcək. Yəni daha çox növbəti mərhələdə əvvəlcədən yığılıb qalmış problemlərin müzakirə edilməsi və həlli yolları əsas mövzu olacaq. Bu prosesdə hər iki tərəf qarşıdurmada o qədər də maraqlı deyil. Ermənistan siyasi və hərbi baxımdan Rusiyaya alternativlər tapıb. İqtisadi baxımdan isə hələ də Rusiyadan və Avrasiya İqtisadi İttifaqı bazarından asılıdır. Ona görə də bu qarşıdurmadan çəkinməyə çalışır. Ermənistan çalışacaq ki, seçkidən əvvəl yaranmış gərginlik aradan qalxsın və Rusiyanın iqtisadi müstəvidə təzyiq siyasəti zəifləsin. Rusiya da təbii ki, çalışacaq ki, bu yeni mərhələdə artıq Paşinyanın seçilməsi reallığını qəbul etsin”.
Analitik qeyd edib ki, bu reallıq fonunda Rusiya Ermənistan və Ermənistan üzərindən Cənubi Qafqazda öz maraqlarını təmin etməyə çalışacaq:
“Bu o demək deyil ki, Rusiya bu görüşdən və bu səfərdən sonra Ermənistana qarşı seçkidən əvvəl həyata keçirdiyi iqtisadi rıçaqlardan tamamilə imtina edəcək. Xeyr. Amma müəyyən qədər onları yumşalda bilər və təbii ki, bunun qarşılığında Ermənistanla, mövcud hakimiyyətlə, yəni Paşinyan hakimiyyəti ilə münasibətlərə yenidən baxılması əsas mövzu olacaq. Rusiya üçün əsas məsələ öz maraqlarına qarşı yarana biləcək problemlərin aradan qaldırılmasıdır. Bilirik ki, Rusiyanın əsas niyyəti Azərbaycan-Ermənistan sülh sazişi imzalandıqdan, Türkiyə-Ermənistan sərhədləri açıldıqdan sonra Ermənistanın daha çox Avropaya yaxınlaşmasının qarşısını almaqdır. Ona görə də Rusiya tərəfi böyük ehtimalla Paşinyandan Avropa İttifaqına yönəlmiş siyasətini bir qədər zəiflətməyi və yaxud bu siyasəti həyata keçirərkən paralel şəkildə Rusiyanın maraqlarını da nəzərə almasını istəyəcək. Yəni Ermənistan-Rusiya münasibətlərinin yeni mərhələsi məhz bu razılaşmalardan asılı olacaq. Çünki hətta ritorik müstəvidə razılaşmalar olsa belə, onların praktik müstəvidə icrası əsas məsələdir. Bu da Rusiyanın Paşinyana nə dərəcədə inanmasından irəli gəlir. Düşünürəm ki, Ermənistan-Rusiya münasibətlərində seçkidən əvvəlki gərginlik müəyyən qədər zəifləyə, yəni yumşala bilər. Amma bu prosesin əvvəlki vəziyyətə qayıtması çətin görünür. Çünki Paşinyan hakimiyyətinin əsas siyasi xətti bəllidir və bu da Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə təsir göstərəcək. Ona görə də müəyyən yumşalma baş versə də, qarşıdurma tam aradan qalxmayacaq və bu proses davam edəcək”.
Ekspert vurğulayıb ki, bütün bu problemlər, Ermənistan-Rusiya münasibətləri, aralarındakı qarşıdurma, seçkidən əvvəl baş verən hadisələr və hazırda Paşinyanın Rusiyaya səfərindən gözləntilər Cənubi Qafqazda yeni təhlükəsizlik arxitekturasının qurulması, bölgədə münasibətlərin yenidən inşa edilməsi, təsir və güc balansının yenidən bölüşdürülməsi fonunda baş verir və bunlardan asılıdır:
“Yəni bütün qarşıdurma, bütün maraqların toqquşması məhz Cənubi Qafqazda mövqelərin formalaşdırılması ilə bağlıdır. Rusiya böyük ölçüdə itirən tərəfə çevrilib. Xüsusilə Ermənistanın Rusiyanın forpostu kimi rolunu itirməsindən sonra Moskvanın bölgədə ciddi şəkildə zəiflədiyi müşahidə olunur. Rusiya bu prosesi bərpa etməyə və yaxud da bu prosesdən daha az zərərlə çıxmağa çalışır. Çünki Ukrayna müharibəsinə görə diqqəti əsasən ora yönəlib və həmin problem hələ də davam edir. Amma bir müddət əvvəl Cənubi Qafqazı diqqət mərkəzindən kənarda saxlayan Rusiya son iki ildə, xüsusilə də yenidən bölgəyə qayıtmağa çalışır. Burada Rusiyanın əsas məqsədi minimum hədəflərini qorumaqdır. Maksimal hədəflərinə nail olmaq imkanları isə, təbii ki, yoxdur. Amma ən azı minimal hədəf kimi Ermənistan da daxil olmaqla Cənubi Qafqazda mövqeyini müəyyən qədər qorumağa və dəyişən güc balansında öz maraqlarını saxlamağa çalışır. Bölgəyə yeni oyunçular daxil olsa da, Rusiya çalışır ki, onun maraqları və mövqeyi müəyyən qədər də olsa nəzərə alınsın və qorunub saxlanılsın. Bu kontekstdə, təbii ki, Cənubi Qafqazda yeni dövrün müzakirəsi ən aktual məsələlərdən biridir”.