- “Gümrüdə 5 minə yaxın hərbi kontingent qərar tutub. Onların hansı halda proseslərə qoşulacağı bəlli deyil"
Son dövrlər Rusiya ilə Ermənistanın münasibətlərində soyuqluq müşahidə edilir. Dəmir yollarının idarəçiliyi ətrafında yaranan fikir ayrılıqları, erməni məhsullarına qoyulan embarqolar və Erənistanın Avropaya meyilli siyasəti əlaqələri qopma səviyyəsinə çatdırıb.
Aylardır davam edən soyuqluqdan sonra Kreml rəsmiləri ilk dəfə münasibətlərin bərpasına dair fikirlər səsləndirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya və Ermənistan gəncləri münasibətlərin möhkəmləndirilməsində əsas rol oynaya bilər. Onun sözlərinə görə iki ölkənin ortaq mədəniyyətindən özünü ayrı tutmayan bütöv nəsillər yetişib. Zaxarova əlində dəqiq statistikanın olmadığını bildirsə də, söhbətin yüz minlərlə insandan getdiyini vurğulayıb. Diplomat Ermənistan hökumətini xalqı süni seçim qarşısında qoymaqda ittiham edib. Zaxarovanın gənclərə ünvanlanan çağırışına baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə, ölkəsinin gələcəyini Avropada gördüyünü və Qərb institutları ilə daha sıx inteqrasiyaya üstünlük verdiyini bəyan edib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Rusiya diplomatiyasının Ermənistandakı mövqeyi və fəaliyyəti qənaətbəxş deyil:
“Gənclər hər zaman gözlənilməz siyasi gedişlərə və riskli addımlar atmağa daha meyilli olurlar. Zaxarovanın zəruri hesab etdiyi əsas məqam Ermənistan və Rusiya gəncləri arasında yeni münasibətlər formatının təsis olunması, onların ictimai fikrə təsir göstərmələridir. Ermənistanda rusofob meyllər kəskin şəkildə güclənib. Ölkədə Rusiyanı hədəf alan qüvvələr, qərbpərəst partiyalar və ictimai xadimlər Moskvanı gözümçıxdıya salmağa, hətta ona “soyuq müharibə” elan etməyə çalışırlar. Təbii ki, bu vəziyyət rəsmi Moskvanı qane etmir. Məhz buna görə manipulyasiyalara tez uyan gənclərə müraciət olunur ki, əvvəlki əlaqələrin bərpasına şərait yaratsınlar. Lakin burada bir çox maneələr də var”.
Politoloqun sözlərinə görə, Rusiyanın daxilində mərkəzi hökumət miqrasiya siyasətini durmadan sərtləşdirir:
“Orada yaşayan miqrantlara elə ağır və məhdudlaşdırıcı qaydalar tətbiq olunur ki, onlar iş yerlərini itirir, yeni iş tapa bilmir və qazandıqları vəsaiti öz ölkələrinə, o cümlədən Ermənistana göndərə bilmirlər. Ermənistana göndərilən pul həcmləri xeyli azalıb. Onlar ermənilərə əziyyət çəkdirməklə, Rusiyanın onlar üçün nə qədər həyati önəm kəsb etdiyini göstərmək istəyirlər. Ermənistan hökumətinin gənclərlə əlaqələrinin yox səviyyəsində olduğunu deməzdim. Nikol Paşinyanın ardınca gedən gənclərin əksəriyyəti revanşizmdən imtina edən, müharibəyə qarşı çıxan və daha çox Qərbə meyil edən kəsimdir. Təsadüfi deyil ki, İrəvanda fəaliyyət göstərən qərbpərəst dərnəklərdə, eləcə də siyasi partiyalarda xeyli sayda gənc təmsil olunur”.
T.Abbasov onu da xatırladıb ki, Rusiyanın Ermənistana təsir imkanları və rıçaqları hələ də tükənməyib:
“Gümrüdə 5 minə yaxın hərbi kontingent qərar tutub. Onların hansı halda proseslərə qoşulacağı bəlli deyil. Tarixi təcrübə də göstərir ki, Rusiya üçün Cənubi Qafqazda logistika həyati önəm kəsb edir. Məsələn, 2008-ci il müharibəsində Roki tuneli Rusiya hərbi birləşmələrinin Gürcüstana operativ daxil olmasını təmin edən yeganə quru arteriyasına çevrildi. Əgər tunel partladılsaydı, Moskva logistik çətinliklərlə üzləşəcəkdi. Bu hadisə Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin kövrək olduğunu üzə çıxardı. Analoji senarinin Ermənistanda təkrarlanmaması üçün Moskva nümayəndələri indi də Ermənistan gəncliyinə müraciət edir, onları öz tərəflərinə çəkməyə çalışırlar. Onu da nəzərdən qaçırmamalıyıq ki, Rusiyada xeyli sayda erməni mənşəli Rusiya vətəndaşı yaşayır. Ara Abramyanın rəhbərliyi ilə fəaliyyət göstərən erməni diasporu Kremlin Qafqaz siyasətinə təsir etməyə çalışırlar. Təşkilatın böyük hissəsi hələ də, separatçı ideyaların daşıyıcısıdır və rəsmi İrəvanın daha sərt xətt yürütməsini vacib sayır. Lakin Rusiyada yaşayan erməni əsilli vətəndaşların bu proseslərdə radikal mövqe tutaraq, vəziyyəti gərginləşdirəcəyinə inanmıram. Onlar artıq müharibə riski və revanşizm ruhundan uzaqlaşıblar".
Aybəniz Səfərova