300 nəfərlik toy 100 nəfərə düşsə, nə dəyişəcək? - Ekspertdən diqqətçəkən hesab

  • Toy mədəniyyətində böyük dəyişiklik olsa, ailələr minlərlə manat qənaət edə bilər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur.

Sosioloq Hüseyn İbrahimov “Yeni Sabah”a açıqlamasında toy xərclərinin artıq yalnız məclisə yazılan pullarla məhdudlaşmadığını, xüsusilə qadınların toy mərasiminə hazırlığnın da ailələr üçün əlavə maliyyə yükü yaratdığını bildirib.

Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində toy mərasimlərində iştirak etmək bəzən mənəvi zövqdən daha çox sosial öhdəliyə çevrilir:

“Çox zaman insanlar ürəkdən toya getməkdən mənəvi zövq almırlar. Toyda iştirak məsələsi müəyyən mənada insanları bir-birinə borclu vəziyyətə salır. İnsanlar toya getdikdə yazılan pulu sonradan qaytarmaq məcburiyyətində qalırlar”.

Sosioloq bildirib ki, toy xərcləri yalnız məclisə yazılan pullarla məhdudlaşmır, hazırlıq və digər əlavə xərclər də ailələr üçün ciddi yük yaradır. Onun sözlərinə görə, toyda iştirak bəzən sosial öhdəliyə çevrilir və insanları qarşılıqlı borclanma vəziyyətinə salır.

Sosioloq hesab edir ki, toyların müddəti iki saat, iştirakçı sayı isə maksimum 100 nəfərlə məhdudlaşdırıla bilər. Onun fikrincə, bu, həm ailələrin xərclərini, həm də insanların toylarla bağlı sosial və psixoloji yükünü azalda bilər.

Mövzunu Sherg.az-a şərh edən Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, toyların 100 nəfərlə və iki saatla məhdudlaşdırılması ideyası nəzəri baxımdan ailələrin xərclərini azaltmağa kömək edə bilər, amma bunu ümumi və məcburi qayda kimi tətbiq etmək real görünmür. İqtisadçı qeyd edib ki, Azərbaycanda toy yalnız nikah mərasimi deyil, həm də geniş ailə və sosial münasibətlərin iştirak etdiyi ənənədir. Buna görə qonaq sayına və mərasimin müddətinə inzibati məhdudiyyət qoyulması cəmiyyət tərəfindən birmənalı qarşılanmaya bilər:

“Bununla belə, belə bir yanaşmanın könüllü şəkildə yayılması ailə büdcəsinə real qənaət gətirə bilər. Qonaq sayının 300-400 nəfərdən 100 nəfərə endirilməsi zal, menyu, içkilər, musiqi, foto-video və digər xidmətlər üzrə ümumi xərcləri əhəmiyyətli dərəcədə azalda bilər. Məsələn, hər qonağa düşən orta xərc 50 manat hesablanarsa, 300 nəfərlik toyla müqayisədə 100 nəfərlik mərasim yalnız qonaq sayına görə təxminən 10 min manatlıq fərq yarada bilər. Əlbəttə, real qənaətin məbləği məkanın, menyunun və digər xidmətlərin qiymətindən asılı olacaq. Müddətin iki saatla məhdudlaşdırılması isə xərcləri qonaq sayının azaldılması qədər ciddi aşağı salmaya bilər. Çünki toy zalının icarəsi, musiqi, foto-video və digər xidmətlərin bir hissəsi saat hesabı deyil, paket və ya ümumi qiymət əsasında müəyyənləşir. Ona görə əsas qənaət mexanizmi mərasimin qısaldılmasından daha çox qonaq sayının və sifariş olunan xidmətlərin azaldılması ola bilər”.

İqtisadçı hesab edir ki, belə dəyişiklik istehlak davranışına da təsir edər:

“Ailələr “daha çox insan dəvət etmək” əvəzinə daha az, lakin yaxın çevrədən qonaqların iştirak etdiyi mərasimlərə üstünlük verə bilər. Bu isə toyun status və nümayiş xarakterini müəyyən qədər zəiflədərək daha rasional istehlak davranışının formalaşmasına səbəb ola bilər. İnsanlar toy üçün böyük borca girməkdənsə, vəsaitin bir hissəsini mənzil, təhsil, avtomobil və ya ailənin gələcək ehtiyaclarına yönəldə bilərlər. Digər tərəfdən, toy sektorunda çalışan bizneslər üçün mənfi təsir də mümkündür. Restoran və şadlıq saraylarının gəlirləri, musiqiçilərin, aparıcıların, fotoqrafların, dekorasiya və digər xidmət sahələrinin sifarişləri azala bilər. Lakin tələbin tamamilə yox olması əvəzinə daha kiçik və fərqli formatlara keçməsi bu sahələrin də yeni istehlak modelinə uyğunlaşmasına imkan verə bilər.

Əslində problemin həlli məcburi 100 nəfərlik limitdən daha çox, insanların toy mədəniyyətində seçim imkanlarının genişləndirilməsindən keçir. Kiçik toy keçirmək istəyən ailənin bunu cəmiyyət qarşısında “ayıb” və ya “az imkanlılıq göstəricisi” kimi qəbul etdirməmək daha effektiv yanaşmadır. Əgər cəmiyyətdə böyük və bahalı toy keçirmək sosial öhdəlik kimi deyil, şəxsi seçim kimi qəbul olunarsa, ailələr həm maliyyə yükünü azalda, həm də toy xərclərinə görə borclanmanın qarşısını ala bilərlər”.