Həkimlərin maaşlarının artırılması yaxşı haldır - Adil Qeybulla

  • "Digər tərəfdən bunlar bütün həkimlərə şamil olunmalıdır. Səhiyyəni vahid sistemə çevirməliyik"

Tibb işçilərinin sosial rifahının yüksəldilməsi, əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən müvafiq tapşırıq verilib. 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq yeni əməkhaqqı qaydaları TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 mindən çox tibb işçisini əhatə edəcək. İslahat çərçivəsində illik əməkhaqqı fondu 189 milyon manat artırılacaq. Əməkhaqqı artımlarının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılması nəzərdə tutulur. Xüsusilə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya və regionlarda kadr çatışmazlığı olan dar ixtisaslar üzrə çalışan həkimlər üçün nəzərdə tutulan artımlar səhiyyə xidmətlərinin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Bu qərar həm də son illərdə tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və səhiyyə sisteminin inkişafı istiqamətində həyata keçirilən ardıcıl islahatların növbəti mərhələsi kimi qiymətləndirilə bilər.

Həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla Sherg.az-a bildirib ki, bu qərar bütövlükdə bütün həkimlərə aid edilmədir:

“Yəni, necə siz təsəvvür edirsiniz ki, ölkədə fəaliyyət göstərən həkimlərin bir sturukturda işləyən qrupu daha çox maaş alır, başqa strukturda işləyəni isə az. Bu, düzgün olmaz. Düşünürəm ki, burada bir qayda olaraq sistem olmalıdır. Əslində, sosial müdafiənin möhkəmləndirilməsi çox yaxşı addımdır. Həkimlərin maaşlarının artırılması da yaxşı haldır. Ən azı bu, həkimlərin etimad mühitini də artırır. Digər tərəfdən də, bunlar bütün həkimlərə şamil olunmalıdır. Səhiyyəni vahid sistemə çevirməliyik. Vahid infrastruktur olmalıdır. Səhiyyənin onsuz da, iki qurumun tabeliyində olması işi xeyli mənfi təsir edir, idarə etmək çətinləşir. Digər tərəfdən də, indi həkimlərin bir qrupunu seçmək, digər qrupunu isə tamamilə kənarda saxlamaq düzgün olmaz:

 Professor qeyd edib ki, TƏBİB-lə Səhiyyə Nazirliyi bu istiqamətdə birgə addımlar atmalıdırlar:

“Amma bütövlükdə maaşların artması, sosial müdafiənin möhkəmləndirilməsi, rayona gedən həkimlərə xüsusi kateqoriyaların təmin edilməsi stimullaşdırıcı tədbirlər ola bilər. Bu rayonlarda həkimlərin işləməsini təmin etmək üçün çox yaxşı olardı. Başqa administrativ tədbirlər burada effekt verə bilməz.Yəni təyinat, kiminsə məcburi göndərilməsi və s. Həmçinin 65 yaşı bitən həkimləri də biz itirməməliyik. Onları da, sahə həkimlərini də ailə həkimi şəklində istifadə etmək olar. Yəni görüləsi xeyli işlər var ki, əlbəttə, bunları sistemli şəkildə həyata keçirmək lazımdır”.