“Ruslar Ermənistan cəmiyyətini 30 ildir türklərlə qorxudurlar” - POLİTOLOQ

  • Bunun alternativi olaraq Ermənistanda Rusiyanın beşinci kolonuna qarşı çıxan insanlar olmalıdır
  • "Onlar deməlidirlər: “Siz bizi Türkiyə və Azərbaycanla qorxutmayın. Bu, Rusiyanın oyunu və hiyləsidir.” Bunu Ermənistan cəmiyyətinə, erməni xalqına çatdırmağı bacarmaq lazımdır”

Ermənistanda Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının gələcəyi ilə bağlı müzakirələr fonunda ölkənin təhlükəsizliyi və sərhədlərin qorunması məsələsi yenidən gündəmə gəlib. Müxalif “Ermənistan” fraksiyasının deputatı Mesrop Manukyan hesab edir ki, Rusiya hərbi bazasının ölkədən çıxarılması Ermənistan ordusu üçün ciddi problemlər yarada bilər. Onun sözlərinə görə, xroniki kadr çatışmazlığından əziyyət çəkən Ermənistan Silahlı Qüvvələrinin Türkiyə ilə sərhədin qorunmasını tam üzərinə götürməsi hazırkı vəziyyətdə ağır yük olacaq. Deputat 102-ci bazanın gələcəyi ilə bağlı qərar verilməzdən əvvəl Ermənistan ordusunun buna hazır vəziyyətə gətirilməsinin vacibliyini vurğulayıb. O, hərbi xidmət müddətinin 18 aya endirilməsinin də ordudakı vəziyyəti çətinləşdirdiyini bildirib. Manukyanın fikrincə, Ermənistan rəhbərliyinin Rusiya bazasına ehtiyacın azaldığı barədə açıqlamaları fonunda yüzlərlə kilometr uzunluğunda sərhədin təhlükəsizliyinin necə təmin ediləcəyi əsas suallardan biridir.

AĞ Partiya sədrinin müavini, siyasi şərhçi Əhəd Məmmədli "Sherg.az"a açıqlamasında bildirib ki, bu Rusiyanın təbliğatıdır:

“Rusiya Ermənistanda və Gürcüstanda illərdir belə bir təbliğat aparır ki, biz sərhədlərdən getsək, türklər sizi götürəcək; biz olmasaq, Türkiyə və Azərbaycan sizi böləcək. Yəni qorxuluqlar düzəldirlər. Ruslar da buna “Puqalo” deyirlər. İndi baxın, ruslar da həmin “Puqalo” obrazı ilə Ermənistan cəmiyyətini 30 ildir qorxudurlar ki, biz olmasaq, sizi qorumasaq, bizim qoşunlarımız olmasa, biz çıxan kimi türklər sizi işğal edəcək. “Türklər” deyəndə onlar həm Türkiyəliləri, həm də bizi nəzərdə tuturlar. Ümumiyyətlə Ermənistan daxilində Rusiyanın beşinci kolonunun təbliğatı aparılır. Onların bir generalı var idi, Birinci Qarabağ müharibəsində “qəhrəman” sayılırdı. O da deyirdi: “Mən etdim, mən qələbə gətirdim, mən kömək etdim”. Sonra Ermənistanın keçmiş baş nazirinin bir çıxışı yayıldı. Deyirdi ki, ruslar sərhəddən getsə, Ermənistan Türkiyə və Azərbaycanın nəzarəti altına keçəcək və s. Keçmiş baş nazir, general və digərləri Ermənistan cəmiyyətini qorxudurlar”.

Analitik qeyd edib ki, 5-ci kolonun nümayəndələri Gürcüstan cəmiyyətini də qorxudurlar ki, türklər Acarıstanı alacaq, sizi böləcək:

“Həmin şəxslər bu qorxu ilə Ermənistan və Gürcüstandakı iqtidara, cəmiyyətə Rusiyadan bərk yapışmalıyıq fikrini aşılayırlar. Rusiyanın beşinci kolonu hər yerdə - İstər Ermənistanda, istər Gürcüstanda, istərsə də Azərbaycanda mövcuddur. İndi bizdəkilər bir qədər qorxurlar, səslərini və tonlarını azaldıblar. Lakin hər an həmin təsir yüksələ bilər. Ona görə də bunun kökünün kəsilməsi lazımdır. Həm Azərbaycan, həm Ermənistan Qafqazın bir dəfəlik Rusiyanın tam nəzarətindən çıxması üçün bunu etməlidir. Ümumiyyətlə sərhəddə ruslar olmasa, Ermənistan Türkiyə ilə Azərbaycanla istədiyi şəkildə danışsa, tərəflərin təkliflərini qəbul etsə, heç kəs Ermənistanı işğal edən və ya bölən deyil. Əksinə, Azərbaycan və Türkiyə ilə normal münasibətlər yarandıqca- iqtisadi, ticari və siyasi əlaqələr qurulduqca Ermənistan inkişaf edəcək. Bunun alternativi olaraq Ermənistanda Rusiyanın beşinci kolonuna qarşı çıxan insanlar olmalıdır. Onlar deməlidirlər: “Siz bizi Türkiyə və Azərbaycanla qorxutmayın. Bu, Rusiyanın oyunu və hiyləsidir.” Bunu Ermənistan cəmiyyətinə, erməni xalqına çatdırmağı bacarmaq lazımdır”.