“Qlobal istiləşmənin yaratdığı çağırışlara cavab vermək üçün biz insanlara sərmayə qoymalıyıq və bu sərmayə həyatın ən erkən mərhələsindən başlamalıdır”.
APA xəbər verir ki, bunu COP29-da İqlim Dayanıqlı Gələcək üçün İnsan İnkişafına İnvestisiya üzrə Yüksək Səviyyəli Görüşdə çıxışı zamanı COP29-un baş danışıqçısı, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev deyib.
O bildirib ki, uşaq və gənclərin təhsil, səhiyyə və bacarıqların inkişafı vasitəsilə gücləndirilməsi dayanıqlı cəmiyyətin bir hissəsi olmalıdır. Bu sərmayə təkcə dayanıqlılığı deyil, həm də iqlim dəyişikliyinin azaldılması səylərini əhatə etməlidir: “Bu, gələcək işçi qüvvəsini "yaşıl iqtisadiyyat"ın tələblərinə hazırlamaq, təhsil və səhiyyə sistemlərinin iqlimə təsirini azaltmaq deməkdir".