Türkiyə BMT-nin Cenevrə ofisinə etiraz notası təqdim edib



Türkiyə YPG/PKK terrorçu qruplaşması ilə əməkdaşlıq edən BMT-nin Cenevrə ofisinə və terrorçuları ölkəyə buraxan İsveçrə hökumətinə etirazını bildirib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, etiraz notası BMT-nin uşaqlar və silahlı münaqişələr üzrə xüsusi nümayəndəsi Virginia Qambasın PKK terror təşkilatının komandiri Fərhad Abdi Şahinlə silahlı münaqişədə istifadə olunan azyaşlıların hüquqları barədə imzaladığı sazişdən sonra verilib. Bundan sonra təşkilatın Cenevrədəki ofisində uşaqların silahlı münaqişələrdən qorunmasına dair birgə Fəaliyyət Planı imzalanıb.
Türkiyənin BMT-nin Cenevrədəki Daimi Nümayəndəliyinin məlumatına görə, rəsmi Ankaranın etiraz notası ofisin rəhbərliyinə və İsveçrənin müvafiq qurumuna təqdim olunub. Bundan başqa, Daimi Nümayəndəlik BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersenlə də əlaqə yaradıb.
BMT-nin Cenevrə ofisi sözügedən sazişi rəsmi mərasimdə imzalayıb. Təşkilatın bəyanatında bildirilir ki, PKK azyaşlı oğlan və qızların silahlı münaqişədə istifadə edilməməsini öhdəsinə götürür. BMT-nin hesabatına görə, YPG/PKK hərbi dəstələrində 2016-cı ildə 46 azyaşlı olub, 2017-ci ildə isə bu rəqəm artaraq 224-ə çatıb.