Əsas məsələ ABŞ-a müqavimət göstərməkdir


Rusiya artıq keçmiş illərdə olduğu kimi Türkiyənin regional maraqlarından və türk birliyindən ehtiyatlanmır

Ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olmaq niyyətində olduğunu bildirib. Lavrov forumda çıxışı zamanı bildirib ki, “əgər bu təşkilat türkdilli əhalinin dominat olmadığı dövlətləri də qəbul etməyə razılıq verərsə, Rusiya TDƏŞ-ə üzv ola bilər”. Məlumat üçün bildirək ki, hazırda Türk Şurasının dörd üzvü var - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə. Türklərlə ortaq hun keçmişinə malik olan Macarıstan isə təşkilatın müşahidəçi üzvüdür.

“Regnum” agentliyinin iddiasına görə, cəmi 11 milyon türkdilli vətəndaşı olan Rusiyanın bu təşkilata üzv olmaq niyyəti türkdilli dövlətlərin artan nüfuzu və önəmli coğrafi mövqeyi ilə bağlıdır. Hər halda səbəblər müxtəlif ola bilər. 

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Elxan Şahinoğlu deyib ki, Rusiyada əhalinin sayına görə ruslardan sonra ikinci sırada türkdilli müsəlmanlar dayanır. Ekspertin fikrincə, bu mənada Rusiya özünü türk dünyasının kiçik də olsa tərkib hissəsi kimi qələmə vermək istəyir:


“Digər tərəfdən Rusiyanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan dövlətlərlə münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsindədir. Həmçinin, Rusiyanın türkdilli dövlətlərin hamısı ilə sərhədləri var. Moskva ilkin mərhələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına müşahidəçi statusunda qatıla bilər. Rusiya İslam Əməkdaşlıq Təşkilatında da müşahidəçi statusunda iştirak edir.

SSRİ dağıldıqdan sonra Rusiya türkdilli dövlətlərin birliyindən ehtiyatlanırdı, mifik “Turan” ideyasını Kreml əleyhinə layihə kimi dəyərləndirirdi. Moskva həm də ondan ehtiyatlanırdı ki, türkdilli dövlətlərin birliyi ideyası Vaşinqtona məxsusdur və Amerika bu ideyanı Türkiyə vasitəsilə reallaşdırmağa çalışır. Bu qorxu Çeçenistan müharibəsi zamanı Rusiyanı daha çox qorxudurdu. Ancaq 2000-ci illərdən başlayaraq türkdilli dövlətlər, o cümlədən Moskvanın daha çox ehtiyat etdiyi Türkiyə Rusiya ilə strateji tərəfdaşlıq münasibətləri qurdu. Bu gün Türkiyə-Rusiya siyasi, iqtisadi və hərbi əməkdaşlığının miqyası Türkiyə-ABŞ tərəfdaşlığını üstələyir. Ona görə də Rusiya artıq keçmiş illərdə olduğu kimi Türkiyənin regional maraqlarından və türk birliyindən ehtiyatlanmır”. 

Siyasi şərhçinin fikrincə, Rusiyanın Türk Şurasına qatılmaq istəməsində əsas məqsədlərdən biri də üzv dövlətləri özünə yaxın saxlamaq və Amerikanın maraqlarına qarşı birgə müqaviməti təşkil etməkdir:

“Əlbəttə, Türkiyənin hazırda Amerika ilə münasibətləri hamar deyil. Ankara Rusiya ilə əməkdaşlığa xüsusi önəm verir. Buna rəğmən, Türkiyə Vaşinqtona qarşı Moskva ilə eyni blokda yer almaz. Bu cür mövqe Azərbaycanla Qazaxıstanın da maraqlarına uyğun deyil”.