Yaponiya və Cənubi Koreya liderlərinin görüşünün təfərrüatları açıqlanıb

Tailandda keçirilən ASEAN sammiti çərçivəsində Yaponiyanın Baş Naziri Şinzo Abe Koreya Respublikasının Prezidenti Mun Ce-in ilə qısa söhbətində İkinci Dünya müharibəsi zamanı məcburi əməklə əlaqədar ölkəsinin mövqeyini bir daha açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

Baş Nazir qeyd edib ki, müharibə zamanı yapon şirkətləri tərəfindən məcburi əməyə cəlb edildiklərini bildirən Cənubi Koreya vətəndaşlarına kompensasiya ödənilməsi məsələsi iki ölkə arasında 1965-ci ildə imzalanmış sənədlə tənzimlənib.

Bununla yanaşı, Ş.Abe bu iki ölkə arasında əməkdaşlığın zəruriliyini vurğulayıb.

Mun Ce-in də öz növbəsində iki ölkə arasında qarşılıqlı əməkdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Bildirib ki, bu əməkdaşlıq Şimali Koreya və qlobal iqtisadiyyat problemlər də daxil olmaqla, bir sıra məsələlərin həlli üçün zəruridir.

Liderlər müzakirələrin diplomatik kanallar vasitəsilə davam etdirilməsi barədə razılığa gəliblər.