Çinin Uxan şəhərində yaşayan ABŞ vətəndaşı koronavirusun yeni növündən ölüb.
AZƏRTAC "South China Morning Post" qəzetinə istinadla xəbər verir ki, Birləşmiş Ştatların Çindəki səfirliyinin yaydığı məlumatda Uxanda koronavirusa yoluxan 60 yaşlı qadının fevralın 6-da şəhərdəki Cinintan xəstəxanasında vəfat etdiyi bildirilir. Bu, ABŞ vətəndaşları arasında koronavirusdan ilk ölüm olmaqla yanaşı, Çində əcnəbilərdən koronavirusun yeni növündən birinci ölüm faktıdır.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü xanım Xua Çunyin bildirmişdi ki, Çində virusa yoluxanlar arasında 19 əcnəbi var, onlardan ikisi sağalaraq xəstəxananı tərk edib.
Qeyd edək ki, Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanların sayı 34 min 621, bu virus səbəbindən ölənlərin sayı isə 723 nəfərə çatıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 27 min nəfərdən çoxdur. İndiyədək 2 min 55 nəfər sağalaraq xəstəxananı tərk edib, virusa yoluxanlardan 6 min 101 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 345 min nəfəri müəyyən edib, onlardan 189 mini həkim nəzarətinə alınıb.
Çindən başqa 24 ölkədə ümumilikdə 276 adam virusa yoluxub, Filippində bir ölüm faktı qeydə alınıb.