Sabiqlər siyasi arenaya dönür? – Saakaşvili-Marqvelaşvili dialoqu virtual olaraq mümkündür

Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvilinin yenidən siyasətə qayıtması gündəmdədir. Belə ki, Marqvelaşvili Gürcüstanda demokratiyanın dərinləşdrilməsi ilə bağlı Mixail Saakaşvilinin fikri varsa, onunla görüşməyə hazır olduğunu bildirib:
 
“Söhbət demokratik gündəmin dərinləşməsindən gedirsə, mən bütün siyasi fiqurlarla danışmağa hazıram”.

Gürcüstanın keçmiş prezidentlərinin bir araya gələrək siyasi arenaya geri dönməsinin nə dərəcədə mümkün olması barədə fikirlərini Sherg.az-la bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu bildirib ki, Marqvelaşvili prezident olan zamanlarda da Mixail Saakaşvili ilə bağlı müsbət fikirlərdə idi:

“Bu da Bidzina İvanişvilinin xoşuna gəlmirdi. Ona görə də Marqvelaşvili ilə Bidzina İvanişvili arasındakı münasibətlərdə bəzən müəyyən suallar ortaya çıxırdı. Hesab etmirəm ki, Marqvelaşvili yenidən siyasətə qayıda bilər. Mixail Saakaşvilinin Gürcüstana qayıtması ehtimalı o, qədər də böyük deyil. Amma Gürcüstanda hadisələrin necə inkişaf edəcəyindən də çox şey asılıdır. Hakimiyyətə qarşı güclü müxalifət formalaşarsa və mitinqlər dalğası başlayarsa, Saakaşvilinin geri qayıtma ehtimalı ola bilər. 



Elxan Şahinoğlu: “Marqvelaşvili prezident olan zamanlarda da Mixail Saakaşvili ilə bağlı müsbət fikirlərdə idi”


Lakin indiki halda Saakaşvilinin özü də geri qayıtmaz, çünki onu həbs gözləyir. Buna baxmayaraq Saakaşvili çox çalışacaq ki, hakim partiya parçalansın və ixtilaf yaransın. Ona görə də Saakaşvilinin Marqvelaşvili ilə dialoqa başlaması virtual olaraq mümkündür. Bu, Saakaşvilinin maraqlarına da xidmət edir ki, Gürcüstanda güclü bir müxalifət formalaşsın. Amma Marqvelaşvili artıq prezident olub və prezidentlikdən gedib, özünün kiçik kənd biznesi də var. Düşünürəm ki, onun yenidən siyasətə qayıtması uğurlu alınmaya bilər”.