“Ankara Suriya ordusunun rus hərbçiləri ilə birgə tutduğu mövqeləri geri alacaq”
Türkiyənin Əsəd rejiminə verdiyi vaxtın bitməsinə 8 gün qalmış İdlibdə vəziyyət gərginləşib. Türkiyə Silahlı Qüvvələri və müxaliflər M4 və M5 magistral yollarının kəsişdiyi Serakib bölgəsini ələ keçirmək və Türkiyənin müşahidə nöqtələrinin təhlükəsizliyini təmin etmək üçün genişmiqyaslı əməliyyat başladıb.
Fevralın 20-si gecə saatlarında başlayan əməliyyatda Hələbin şimal-qərbindəki Nubl-Zehra bölgəsindəki rejim və İran milislərinin mövqeləri intensiv top atəşləri ilə məhv edilib. Müxaliflər Əsədin doğulduğu Kırdaha kəndindəki rejim qüvvələrinin mövqelərini də hədəfə alıblar. TSQ və müxaliflərin hərəkətlərini izləyən pilotsuz uçuş aparatları vurularaq düşürülüb. Türkiyə Silahlı Qüvvələrinə aid tank və top atışlarından sonra müxaliflər Sərakib qəsəbəsinə daxil olub. Şiddətli atışmalarda 50-dən artıq rejim əsgəri, 5 tank, 2 zirehli maşın, 2 silahlı pikap, 1 top məhv edilib. Əsəd qüvvələri əməliyyatın başladığı saatlarda böyük təşviş yaşayıb. Teleqraf danışıqlarında, "komandan ağacların arasına qaçdı. İndi biz nə edəcəyik?" dedikləri eşidilib. Bu arada Kremlin mətbuat katibi Dmitri Peskov İdlibdə Türkiyə və Rusiya arasında hərbi münaqişə təhlükəsini qiymətləndirib. Peskov ən pis senarilər haqda danışmaq istəmədiyini deyib. Onun sözlərinə görə, Suriya üzrə Rusiya, Türkiyə, Fransa və Almaniyanın iştirak etdiyi dördtərəfli sammitin müzakirə olunduğunu, amma heç bir qəti qərarın olmadığını bildirib: “Əgər dörd dövlət başçısı bunu vacib sayırsa, biz belə görüşün keçirilməsini istisna etmirik”.
Azər Qasımov: “Rusiya da Türkiyənin şərtlərini qəbul etmək məcburiyyətində qalacaq”
Növbəti Suriya gərginliyi ilə bağlı “Şərq”ə danışan politoloq Azər Qasımov deyib ki, Türkiyənin İdlibdə heç kimə məhəl qoymadan hərbi əməliyyatlara başlamaq haqda qərar verməsi mühüm addımdır.
Siyasi şərhçi vurğulayıb ki, bu əməliyyatların müsbət sonluqla bitməsi durumunda Türkiyə regional gücdən beynəlxalq gücə çevriləcək: “Suriya ordusunun rus hərbiçiləri ilə birgə tutduğu mövqelər geri alınmağa başlanılıb. Rusiya bu əməliyyatlarda geri addım atarsa, istər Liviya, istərsə də digər beynəlxalq məsələlərdə nüfuzuna zərbə dəyəcək. Bundan sonra artıq Türkiyənin qarşısında heç kim dura bilməyəcək. Şimali Afrika, Yaxın Şərq Türkiyənin nüfuz dairəsinə keçəcək. İran, İsrail, ABŞ, Rusiya və ərəb dövlətləri Türkiyə ilə hesablaşmalı olacaqlar. Bu baxımdan İdlib Suriya probleminin açar nöqtəsidir”.
Siyasi şərhçinin fikrincə, Rusiya Türkiyə ilə məğlub şərtlərdə razılaşmalı olacağı təqdirdə Cənubi Qafqaz və Krım məsələlərində də irəliləyiş olması gözləniləndir:
“Hazırda Türkiyə ordusu əməliyyatlara başlamayıb, hələlik müxaliflər Əsəd qüvvələri ilə döyüşur və Türkiyə Silahlı Qüvvələrinin texnikalarından istifadə edir. Fikrimcə, Rusiya türk ordusunun əməliyyatlara başlamasının diplomatik yolla qarşısını almağa çalışacaq. Ancaq Türkiyənin şərtlərini qəbul etmək məcburiyyətində qalacaq. Yox əgər Türkiyə ordusu heç nəyə baxmadan real əməliyyatlara başlayarsa, artıq onu durdurmaq mümkün olmayacaq. Bu da Əsədin sonu deməkdir. Çox güman ki, Ərdoğan İdlibə külli miqdarda qoşunu elə-belə yığmayıb. Rusiyanın bu qədər ordunun qarşısına qüvvə çıxarması praktiki cəhətdən mümkün deyil”.