Avstriyada koronavirus infeksiyasına yoluxanların sayı 80-i ötüb



Avstriyada koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 81-ə çatıb.

AZƏRTAC xəbər verir ki, artıq ölkənin doqquz federal əyalətinin hamısında virusa yoluxma halları təsdiqini tapıb. Yoluxma hallarının əksəriyyətinin Şimali İtaliya ilə əlaqəli olduğu bildirilsə də, bəzi xəstələrdə yoluxmanın tarixçəsini müəyyən etmək mümkün olmayıb.

Koronavirus infeksiyasının qarşısını almaq üçün Avstriya hökuməti İran və Cənubi Koreyaya, eləcə də İtaliyanın Bolonya və Milan şəhərlərinə bütün birbaşa aviareyslərin təxirə salınmasına dair qərar qəbil edib. Eyni zamanda, ölkənin quru sərhədlərində yoxlamalar gücləndirilib.

Həmçinin Avstriya Federal Dəmir Yolları (ÖBB) İtaliyanın Bolonya, Milan və Venesiya şəhərlərinə qatar reyslərini ləğv edib, 23 fevral – 12 mart aralığında alınmış bütün biletlərin əlavə rüsumsuz geri qaytarılmasına başlanılıb.

Avstriyanın Səhiyyə naziri qonşu İtaliyadakı vəziyyətin nəzarətdə saxlandığını, lakin bu vəziyyətin Avstriyada ictimai həyata ciddi təsir edəcək qərarlar verilməsinə (təhsil müəssisələri, iş yerlərinin bağlanması, kütləvi tədbirlərin qadağan edilməsi) əsas yaratmadığını diqqətə çatdırıb.