Kim Çen xəstəxanaya düşdü: ABŞ araşdırır


ABŞ hakimiyyəti Şimali Koreya lideri Kim Çen İnin əməliyyatdan sonra səhhətinin pisləşməsinə dair kəşfiyyat məlumatlarını tədqiq edir.

Axar.az xəbər verir ki, bu məlumatı CNN televiziyası öz mənbələrinə istinadən yayıb.

Mənbə Şimali Koreya liderinin ürək-damar sistemi ilə bağlı əməliyyat keçirdiyini bildirib. Onun əməliyyatdan sonra Pxenyandan 100 kilometr şimal-şərqdə yerləşən Myoxyansan dağında yerləşən iqamətgahında dincəldiyi və bərpa kursu keçdiyi vurğulanıb.

Məlumata görə, aprelin 12-də Şimali Koreya liderləri üçün təyin olunan xüsusi xəstəxanada ən yaxşı cərrahlar toplanılıb. Aparılan prosedurlardan sonra liderin vəziyyəti yaxşılaşmağa başlayıb və nəticədə 19 apreldə tibbi işçilərinin böyük əksəriyyəti evə buraxılıb. Hazırda həkimlərin yalnız Kim Çen İnin bərpa prosesini izlədikləri bildirilib.