Gürcüstanda fındığın bir kiloqramı 3 dollara təklif olunur


Gürcüstanda yerli bazarda fındığın qiyməti kəskin bahalaşıb. Hazırda 1 kiloqram fındıq 9 lariyə (təxminən 3 ABŞ dolları) təklif olunur. Keçən illə müqayisədə qiymət 3 lari artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Fındıq İstehsalçıları Assosiasiyasının direktoru Georgi Todua deyib.

Onun sözlərinə görə, mərmər böcəyinə qarşı aparılmış effektiv mübarizə nəticəsində bu il Gürcüstanda fındıq istehsalı 2019-cu illə müqayisədə 15 min ton artaraq 50 min tonu keçəcək. Fermerlərin gəlirləri 0,5 milyard lariyə çatacaq.

G.Todua deyib ki, koronavirus pandemiyası fındığın ixracına heç bir mənfi təsir göstərməyəcək: “Son illər Gürcüstan İtaliya, Almaniya və digər Avropa ölkələrinə fındıq ixrac edib. Bu ildə də ixracla bağlı problem olmayacaq”.

Assosiasiyadan bildirilib ki, hazırda Gürcüstanda 25 min fermer 30 min hektarda qoz-fındıq yetişdirir. 2019-cu ildə Gürcüstanın qərbində fındığın bir kiloqramı yerli bazarda 6 lari olub.