Pekin ABŞ-ın yeni administrasiyası ilə münasibətlərin normallaşmasına ümid edir


Rəsmi Pekin ümid edir ki, ABŞ-ın yeni administrasiyası məntiqli davranaraq Çin ilə dialoqu, ikitərəfli münasibətlərin normallaşmasını bərpa edəcək və əməkdaşlığı yenidən başlayacaq.

 Bunu Çinin xarici işlər naziri Van İ yerli jurnalistlərə ölkəsinin ötənilki diplomatik fəaliyyətinin yekunlarına və qarşıdakı planlarına dair müsahibəsində deyib. "Çin-ABŞ münasibətləri yeni qovşağa gəlib və yeni ümid pəncərəsi açılır",- deyən Çin XİN rəhbəri əlavə edib ki, ötən illərdə iki ölkə arasında əlaqələr əvvəllər heç yaşanmamış çətinliklərə üz-üzə qalıb. Çin rəsmisi bütün bunların ABŞ siyasətçilərinin Pekin haqqında yanlış təsəvvürlərindən qaynaqlandığını bildirib. Van İnin qənaətinə görə, həmin siyasətçilərin bəziləri Çinin ən böyük təhdid kimi görürlər və belə qavrayışa əsaslanan siyasət düzgün deyil. "Baş verənlər sübut edir ki, Birləşmiş Ştatların Çini əzmək və yeni soyuq müharibəyə başlamaq cəhdi nəinki iki xalqın maraqlarına ciddi ziyan vurub, həm də dünyada ciddi sarsıntılara səbəb olub. Belə siyasət dəstək tapmayacaq və uğursuzluğa məhkumdur.

Pekinin ABŞ siyasətinin ardıcıl və sabit olduğunu deyən Çin XİN rəhbəri bildirib ki, ölkəsi Birləşmiş Ştatlarla əlaqələndirməyə, əməkdaşlığa və sabitliyə əsaslanan münasibətləri inkişaf etdirməyə hazırdır. O, ABŞ-da bəzi şəxslərin Çinin sürətli inkişafından narahat olduqlarını, amma birinin öz liderliyini qorumağının ən yaxşı yolu başqalarının inkişafının qarşısını almaq deyil, daimi özünü inkişaf etdirmək olduğunu deyib. (azərtac)