"Rusiya Samvel Karapetyan vasitəsi ilə  Ermənistanı idarə edəcək" - Politoloq

"Azərbaycan torpaqlarının işğalında başlıca rollardan birini oynayan Samvel Karapetyan vasitəsi ilə Rusiya Ermənistanı idarə edəcək".

Bu barədə "Sherg.az"a açıqlamasında politoloq Sədrəddin Soltan deyib. 

Siyasi şərhçi bildirib ki, bu halda Sarkisyan və Koçaryanın ikinci plana keçəcəyi ehtimal olunur:

"Rusiyanın Ermənistan üzrə kuratoru Samvel Karapetyandır. O, Koçaryan, Sarkisyan və Paşinyanla görüşərək yeni kursu onlara izah edib. Çünki Ermənistanı saxlamaq üçün Moskvanın maliyyə vəsaiti çatmır. Belə ehtimal etmək olar ki, bu səbəbdən Kreml Rusiyadakı milyaderləri Ermənistana pul xərcləmək üçün səfərbər edir. Onları perspektivdə təhdid etmək üçünsə Moskvanın əlində həmin iş adamları ilə bağlı yetərincə cinayət materialları var. Elə həmin cinayətlərin bir çoxunu onlar Kremlin xeyir-duası ilə törədiblər. Biznes fəaliyyəti ilə məşğul olan “Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda “boz biznesmen” kimi tanınan və “Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, “KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının silahlı qüvvələrini qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimat ilə təchiz ediblər. Odur ki, Samvel Karapetyan və onun başçılıq etdiyi komanda Azərbaycanın iştirak etdiyi layihələrə qatıla bilməzlər".