Tokio Vaşinqtona sadiqdir

"Yaponiyanın təkcə Rusiya ilə deyil, Çinlə də münasibətləri yaxşı deyil"


Yaponiyanın Müdafiə naziri Nobuo Kisi Rusiya ordusunun Uzaq Şərqdəki fəaliyyətindən narahatlıq keçirdiklərini bəyan edib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Qeyd edilir ki, o, Hokkaydo adasındakı Xiqasi-Titose Quru Özünümüdafiə Qüvvələri bazasını yoxlayarkən bu barədə söz açıb. Nazir Rusiyanın ötən ilin dekabrında Kunaşir və İturup adalarında zenit-raket kompleksləri yerləşdirdiyini də xatırladıb.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov "Şərq"ə açıqlamasında bildirib ki,  Yaponiyanın narahat olmasının bir sıra səbəbləri var:

"İlk olaraq qeyd edim ki, Yaponiya Naqasaki və Hiroşima şəhərlərinə atom bombası atılmasından sonra Amerika Birləşmiş Ştatlarını bağışladı. Və o, ABŞ-ın Uzaq Şərqdəki ən etibarlı və sadiq tərəfdaşlarından birinə çevrildi.  Bu gün Yaponiyanın xarici siyasət kursunda ABŞ-a və Qərbə inteqrasiya dövlətin əsas strateji siyasi xəttini təşkil edir". 

Politoloq qeyd edib ki, tarixin müxtəlif dövrlərində Yaponiya və Rusiya arasında bəzi ərazilərlə bağlı, xüsusən kiçik adalarla bağlı mübahisələr olub:

"Bu baxımdan Yaponiyanın təkcə Rusiya ilə deyil, Çinlə də münasibətləri yaxşı deyil. Bütün bunları nəzərə alsaq Rusiyanın fəallaşması, rus hərbi arsenalının ərazisinin genişlənməsi Yaponiyanı ciddi narahat edir. 

Bundan başqa bilirik ki, Rusiya dünyanın bir sıra coğrafiyalarında fəal şəkildə iştirak edir. Eyni zamanda Yaponiyanın müttəffiqi olan Amerika Birləşmiş Ştatları da bu fəallığı nümayiş etdirir. Sadəcə olaraq, son zamanlar Rusiya ilə bağlı Qərbdən səslənən narahatedici fikirlər, habelə Rusiyanın fəallığı Qərbi və ABŞ-ı narahat edir. Buna görə də onlar Yaponiyanın da mütəffiq olaraq ortaya mövqe qoymağını tələb edir.

Yəni Yaponiyanın bu narahatlığının ən başlıca səbəbi mütəffiqlərinə sadiq olduğunu  göstərmək çabasıdır. Yaponiya göstərmək istəyir ki, o, Avropa Birliyinə  və ABŞ-ın siyasətinə sadiqdir. Onlarla həmrəy olaraq Rusiyanı təhdid kimi qəbul edir. İkinci məsələ isə kiçik adalarla bağlı gələcəkdə problemin yaranmağını istəmir".