"Taliban" hər zaman təhlükə olaraq qalır

Əfqanıstanda sülhün bərqərar olması üçün dördtərəfli platforma yaradılması çox vacibdir


Əfqanıstanda sülh prosesini dəstəkləmək üçün yeni dördtərəfli platforma yaradılır. Platformanın iştirakçıları Özbəkistan, ABŞ, Əfqanıstan və Pakistandır. Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yusup Kabulcanov bildirib ki, yeni format Əfqanıstanda sülh prosesini və münaqişədən sonrakı nizamlanmaya dəstək olmaq üçün yaradılır. Bəs bunun effekti nə dərəcədə olacaq?

Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən Rusif Məmmədsoy bildirib ki, ABŞ hərbiçiləri Əfqanıstanı tərk etdikcə, "Taliban" şimalda daha da möhkəmlənib. Politoloq qeyd edib ki, hazırda Tacikistanla sərhəddə də "Taliban" nəzarət edir:

"Düzdür, "Taliban" bəyan edib ki, Mərkəzi Asiya ölkələri ilə sərhədi pozmayacaqlar. Lakin buna kimsə təminat verə bilməz. Bu mənada Mərkəzi Asiya ölkələri təhlükəsizlik adına bu cür əməkdaşlıq etmək məcburiyyətindədirlər. Pakistana gəlincə, "Taliban" nümayəndələri ilə Pakistan arasında müəyyən əlaqələrin olması kimsəyə sirr deyil. "Taliban" Əfqanıstanda real gücdür. Bunu da inkar edə bilmərik". 
R.Məmmədsoy hesab edir ki, bu, hər bir tərəfi qane edir: "Əfqanıstanda sülhün bərqərar olması üçün dördtərəfli platforma yaradılması çox vacibdir. Pakistanın da bu məsələdə vasitəçi qismində iştirak etməsi gözlənilən idi".