Əfqanıstanı nə gözləyir? - TƏHLİL

Çin, ABŞ, Böyük Britaniya və Fransa Əfqanıstanla bağlı konsensus əldə etmək istiqamətində yarışacaqlar

Əfqanıstan hakimiyyəti ölkədəki böhranla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsinə çağırıb. Maraqlıdır, BMT Təhlükəsizlik Şurası Əfqanıstan hakimiyyətinə yardım edəcəkmi?

Əfqanıstanda cərəyan edən hadisələrin bütün dünyanı yaxından maraqlandırdığını deyən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, yeni geosiyasi konfiqurasiya meydana gələ bilər. Onun sözlərinə görə, "Taliban"ın ölkənin bütün ərazisini nəzarətə keçirməklə Əfqanıstan İslam Əmirliyi dövləti yaratmaq kimi planları var:

"Buna görə də "Taliban" qruplaşmasının radikal hərəkətləri, ölkədə mühüm strateji obyektləri ələ keçirmək istiqamətində təşəbbüsləri bütün dünya dövlətləri tərəfindən diqqətlə izlənilir. Çünki Əfqanıstanın geosiyasi mövqeyi çox mühümdür. Avrasiyada geostrateji mövqeyilə seçilməklə yanaşı, həm də mühüm nəqliyyat xətləri məhz buradan keçir. Buna görə də tarix boyunca böyük dövlətlər Əfqanıstan uğrunda savaşıblar. Həm Britaniya imperiyası özünün ən qüdrətli çağlarında, eləcə də SSRİ dövləti və Amerika Birləşmiş Ştatları Əfqanıstana daxil olaraq müəyyən müddət aralığında əraziyə hakimlik ediblər. Lakin son nəticədə ərazini tərk ediblər. Buna görə də Amerika Birləşmiş Ştatları həmin ərazidə öz kontingentinin saxlanılmasında maraqlı olmadığı üçün öz qoşunlarını və silahlı qüvvələrinin həmin ərazidən çıxarılması ilə bağlı qərar verdi. Eyni zamanda "Taliban"la da müəyyən razılıq əldə olundu".

Hazırda Əfqanıstanın hakimiyyət qüvvələrinin ölkəni qorumaq istiqamətində yetərli qədər qüvvəsinin olmadığını deyən politoloq əlavə edib ki, buna görə də "Taliban"ın müxtəlif maliyyə mənbələri hesabına silah potensialı artırılır:

"Bunun nəticəsində regionda gərginlik, eskalasiya, təhlükəsizliyə və sülhə təhdidlər daha da artır. Yekun nəticədə Kabilin ələ keçirilməsi demək olar ki, "Taliban"ın dövlət üzərindən hökmranlığını və hakimliyini təsdiq edəcək. Belə olacağı təqdirdə dünyada bunun qarşısını almaq üçün diplomatik dövlətlər siyasi müstəvidə hərəkətə keçirlər. Bu xüsusda Əfqanıstan BMT Təhlükəsizlik Şurasının xüsusi iclasının keçirilməsi ilə bağlı çağırışı da bu səpkidə olan təşəbbüslər sırasındadır. Təbii ki, burada böyük dövlətlər, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvləri - Çin, ABŞ, Böyük Britaniya və Fransa Əfqanıstanla bağlı konsensus əldə etmək istiqamətində yarışacaqlar və yekun nəticəyə gəlmək üçün səy göstərəcəklər. Burada da maraqların mübarizəsini biz görə bilərik. Bəzi dövlətlər Əfqanıstanda hakimiyyətin belə də davam etməsi istiqamətində bir sıra addımlar atacaqlar. ABŞ isə daha çox ərazidən öz qoşunlarını çəkməsi fonunda Əfqanıstana siyasi dəstək göstərmək üçün çalışacaq. Qərb müttəfiqlərinin də onun siyasətini dəstəkləyəcəyi açıq şəkildə aydındır. Regionda böyük təsir gücünə malik olan Çinin, eyni zamanda Rusiyanın iclas zamanı atacağı addımlar da böyük maraq doğurur. Ola bilsin ki, Əşrəf Qaninin rəhbərliyi altında hakimiyyətin qalmasını və radikalların hakimiyyətə gəlməməsi üçün siyasi dəstək nümayiş olunsun. Onun üçün də artıq indidən radikallarla hakimiyyət nümayəndələri arasında danışıqların keçirilməsi və müəyyən razılıqların əldə olunması aydın şəkildə nəzərə çarpır. Qeyd edim ki, regionda maraqlı dövlətlərdən biri də Rusiyadır. Çünki Rusiya həm də MDB dövlətləri ilə əlaqələrin möhkəmlənməsində, sağlamlaşdırılmasında maraqlı dövlət kimi çıxış edir. Eyni zamanda diqqətə çatdırım ki, Kollektiv Təhlükəsizlik Təşkilatı Müqaviləsinin üzvü olan Tacikistanla Əfqanıstanın arasında sərhəd zolağı var. Bu sərhəd zolağına artıq "Taliban" nəzarəti ələ keçirib. Ona görə də çox çətin geosiyasi vəziyət yaranıb. Ona görə də Təhlükəsizlik Şurasında keçirilmiş iclasda səslənən fikirlər və əldə olunan qərarlar siyasi ekspertlər tərəfindən diqqətlə izlənilir".