"Taliban" devriləcək

Amerika və ya Türkiyənin xətti ilə Əhməd Məsuda dəstək verilməsi mümkündür

"Xalqa xeyli vəd verilmişdir, ancaq vəsait olmadığına görə onları reallaşdırmaq imkansızdır"


Əfqanıstanın sabiq vitse-prezidenti, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Əmrulla Saleh əvvəlki kimi Pəncşirdədir. Bu barədə Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zahir Əkbər mətbuat konfransında bildirib. Səfir vurğulayıb ki, Əmrulla Saleh müvəqqəti olaraq Əfqanıstan prezidentinin vəzifəsini icra edir. Diplomat qeyd edib ki, ölkə konstitusiyasına əsasən prezident hər hansı səbəbə görə öz postunu tərk etdikdən sonra hakimiyyət onun müavininə keçir:

“Əfqanıstanı və Əmrulla Salehi təmsil edir”. Əfqanıstanda nəzarəti ələ keçirən "Taliban" isə Pəncşir də daxil olmaqla bütün şəhərlərin ələ keçirildiyini elan edib. Taliblər yeni hökumətlərini quraraq, xarici ölkələrlə münasibət qurmağa hazır olduqlarını bildiriblər. Artıq Almaniya, Çin kimi ölkələr "Taliban"la əməkdaşlığa hazır olduqlarını söyləyiblər. Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud isə taliblərə boyun əymədiklərini bəyan edərək, əfqan xalqını müqavimətə, üsyana səsləyib: “Sizi vətənimizin şərəfi, azadlığı və qüruru üçün ümumi bir üsyan başlatmağa çağırıram”. Məsud bildirib ki, insanlar silahlı müqavimət, ya da etiraz etməklə mübarizə apara bilərlər. 

Siyasi şərhçi Turan Rzayev “Şərq”ə bildirib ki, Əfqanıstanda gərginliyin artacağı şübhəsizdir. Ekspertə görə, bütün ölkə ərazisi "Taliban"ın nəzarətindədir: “Sadəcə, Pəncşir müqavimət göstərir, taliblərə tam təslim olmur. Məsələ ondadır ki, ABŞ-ın "Taliban"dan müəyyən gözləntiləri var. Ovaxtadək taliblərin Əfqanıstanda “at oynatmasına” imkan veriləcək.

Böyük ehtimal ki, "Taliban" devriləcək. Amerika və ya Türkiyə xətti ilə Məsuda dəstək verilməsi mümkündür. Amma bu da uzun müddət davam edən vətəndaş müharibəsinin başlanması ilə nəticələnə bilər. "Taliban"ın legitimliyi bir qədər müəmmalı məsələdir. Bu gün hansısa dövlətin taliblərlə əməkdaşlığa getməsi anlaşılandır. Çünki Əfqanıstana nəzarət edən, hökumət qurduqlarını bəyan edən əsas güc məhz "Taliban"dır. Həm də bölgədə marağı olan ölkələr çoxdur. O səbəbdən qeyri-rəsmi də olsa "Taliban"la əlaqələr qurulacaq. Amma bu əlaqələr rəsmən tanınma mənasına gəlməməlidir. Taliblər hakimiyyətdə uzun müddət qala bilməz. ABŞ bir dəfə səhv edərək İranda radikalları hakimiyyətə gətirib. Hələ də həmin rejimi devirə bilmir. İnanmıram ki, eyni səhvi Əfqanıstanda təkrar etsin. Əgər Vaşinqton ölkəni müvəqqəti taliblərin ixtiyarına veribsə, əmin olun ki, bunun gizli səbəbləri var”. 

T.Rzayev qeyd edib ki, "Taliban" BMT və bir çox ölkə tərəfindən terror təşkilatı kimi tanınır:

“Taliban” gözləntiləri doğrulda bilmir. Çünki ciddi maliyyə problemi yaşayır. Əfqanıstanın maddi vəsaitinin böyük hissəsi xarici ölkələrin banklarındadır. "Taliban"ın əlində sadəcə 150 milyon dollar vəsaitin qaldığı deyilir. Taliblər bu pulla nəyəsə nail ola bilməz. Onlar xalqa xeyli vəd vermişdilər, amma onları reallaşdırmaq imkansızdır”.